Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan ictimaiyyətinə və Respublika Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. Tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Musayev Madər Ələsgər oğlu 2023-ci il iyulun 14-də ömrünün 75-cü ilində vəfat etmişdir.

Qəlbi dövlətinə, millətinə, elinə-obasına sevgi ilə yoğrulan, hər zaman yaxşılığın keşiyində dayanan yüksək mənəviyyata malik ictimai-siyasi xadim Madər Musayev xeyriyyəçiliyi, savab əməlləri, xoş məramlı işləri ilə insanların hörmət və sevgisini qazanmışdır. O, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyərək, işgüzar bir millət vəkili kimi ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında yaxından iştirakı ilə xalqımıza böyük xidmətlər göstərmişdir. Bəşəri və milli-mənəvi dəyərlərimizə, dinimizə çox bağlı bir şəxs olaraq müqəddəs Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və xeyirxah əməllər atdığı hər addımda öz əksini tapmış və o, xalq arasında Hacı Madər kimi böyük nüfuz qazanmışdır.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq  cəmiyyətimizin, o cümlədən gənc nəslin vətənpərvərlik və mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirən Madər Musayev doğma Vətənimizin inkişafı üçün yorulmadan səy göstərmişdir. Çətin, lakin şərəfli fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmiş və o, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, Musayevlər ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Tanınmış ictimai-siyasi xadim və müdrik ağsaqqal Madər Musayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 Dərin hüznlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

 Heyətinin üzvləri adından Şuranın sədri,

 millət vəkili, professor                                                          Eldar QULİYEV

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.