Azərbaycan ictimaiyyətinə və Respublika Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. Şuranın İdarə Heyətinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik, Vətən müharibəsi şəhidi Şükür Həmidovun atası Nəriman Həmidov 2023-cü il avqustun 11-də 91 yaşında vəfat etmişdir.
Yüksək mənəviyyata malik el ağsaqqalı, Azərbaycan ziyalısı Nəriman Həmidov fəaliyyəti boyunca hər zaman dövlətimizə və xalqımıza böyük fədakarlıqla xidmət göstərmişdir. Gözəl ailə başçısı, qayğıkeş ata olaraq övladlarına vətənpərvərlik, dürüstlük, xeyirxahlıq kimi ali dəyərlər aşılayaraq, onları mübariz ruhda tərbiyə etmişdir. Vətənimizin ayrılmaz bir parçası Qubadlı rayonunun azadlığı uğrunda həlak olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid-polkovnik Şükür Həmidov kimi igid övlad yetişdirmişdir. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olan Nəriman Həmidov gənclərimizin özlərinə nümunə götürdüyü şücaətli oğul böyüdən qəhrəman ata kimi cəmiyyətimiz üçün bir nümunə idi. Örnək davranışı, səmərəli fəaliyyəti və xidmətləri ilə fərqlənən Nəriman Həmidov Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə ilə təltif edilmişdir.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, Həmidovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Gözəl insan və müdrik ağsaqqal Nəriman Həmidovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV