Azərbaycan ictimaiyyətinə və Respublika Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. Azərbaycan neft sənayesinin və elminin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabr ayının 3-də ömrünün 93-cü ilində vəfat etmişdir.
Xoşbəxt Yusifzadə Azərbaycan neftinin canlı əfsanəsi, fədakar neftçilərimizin müdrik ağsaqqalı olaraq fəaliyyəti boyunca müstəqil ölkəmizin neft sənayesinin uğurla inkişaf etdirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşdirilməsində yüksək əzmkarlıq nümayiş etdirmişdir. Müasir neft strategiyamızın əsasını qoyan Ulu Öndər Heydər Əliyevin inkişaf yolunu qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin neft-qaz sənayesi sahəsində layiqincə həyata keçirilməsində Xoşbəxt müəllim daim böyük xidmətlər göstərmişdir. Çətin, lakin şərəfli fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilmiş və o, 1-ci dərəcəli “Əmək”, “Şöhrət”, “Şərəf”, “İstiqlal”, “Heydər Əliyev” ordenlərinə və bir çox digər ali təltiflərə layiq görülmüşdür.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq müdrik bir ağsaqqal kimi respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edən Xoşbəxt müəllimin şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün bir nümunə məktəbi idi.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, Yusifzadələr ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Tanınmış neftçi-alim, dəyərli ziyalı, müdrik ağsaqqal, alicənab insan Xoşbəxt Yusifzadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV