Xəbərlər

Beyləqan Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Avqust ayının 25-də Beyləqan Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, aparatın şöbə müdiri Elşad Quliyev, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Konfransda Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan qəhrəman Vətən övladlarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq, Şuranın ölkənin ictimai-siyasi həyatında tutduğu mühüm mövqedən danışıb. Natiq bildirib ki, ağsaqqallar cəmiyyətimizin mənəvi dayaqlarından biri olmaqla, öz zəngin həyat və əmək təcrübələri, müdrik məsləhət və tövsiyələri ilə ictimai proseslərə əhəmiyyətli töhfələr verirlər. Beyləqan Rayon Ağsaqqallar Şurasının, o cümlədən Şuranın sədri, dəyərli ziyalı Etibar İmanovun rayonun ictimai-mədəni həyatında fəal iştirakını xüsusi qeyd edən rayon rəhbəri ağsaqqalların bundan sonra da öz təcrübə və nüfuzları ilə cəmiyyətin inkişafı üçün dəyərli xidmətlər göstərəcəklərinə əminliyini ifadə edib. Natiq, həmçinin, çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən də bəhs edib. Dövlətimizin başçısının avqustun 23-də Özbəkistana dövlət səfərinin əhəmiyyətinə toxunan Əziz Əzizov səfərin Azərbaycan-Özbəkistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfə verdiyini bildirib.

Sonra Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov Şuranın ötən dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzədə Şura tərəfindən görülən işlər, ağsaqqalların rayonun ictimai-mədəni həyatında iştirakı, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Etibar İmanov hesabatında, həmçinin, qarşıdakı dövrdə planlaşdırılan fəaliyyət istiqamətləri barədə də məlumat verərək, ağsaqqalların gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində üzərlərinə düşən məsuliyyətli vəzifəni daim yüksək səviyyədə yerinə yetirəcəklərini vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxışında tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq ağsaqqalların cəmiyyətin ictimai-siyasi və mədəni həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslin düzgün istiqamətləndirilməsində əhəmiyyətli rolundan danışıb. Ulu Öndər Heydər Əliyevin ağsaqqallara böyük etimadının olduğunu vurğulayaraq, hazırda bu diqqət və qayğının möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini bildirib. Natiq dövlət başçısının Azərbaycan Ağsaqqallar Şurasının bu ilin aprel ayında keçirilən IX Qurultayının iştirakçılarına ünvanladığı müracətdən və orada qarşıya qoyulan mühüm vəzifələrdən söhbət açıb. Qurultayda çıxış edən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanovun məruzəsini və ümumiyyətlə, rayon təşkilatının fəaliyyətini yüksək dəyərləndirib. Lakin bununla yanaşı, ağsaqqalların gənclərlə daha çox iş aparmalarının zəruri olduğunu bildirib. Vurğulayıb ki, ağsaqqallar milli-mənəvi dəyərləri qorumalı, yaşatmalı və gələcək nəsillərə çatdırmalı, eləcə də gənclərin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında daim yaxından iştirak etməli, onları pis vərdişlərdən uzaq tutmalı, artmaqda olan boşanmalara və digər çatışmazlıqlara qarşı təsirli tədbirlər görməlidirlər. Vahid Novruzov, cəmiyyətimizdə, xüsusilə sosial şəbəkələrdə mövcud olan nöqsanlardan, düşmən dəyirmanına su tökən dırnaqarası “bloqerlərin” xaricdən gənclərimizi zəhərləməyə, onlara mənfi təsir etməyə çalışmalarından da bəhs edərək, ağsaqqalları daha diqqətli və aktiv olmağa dəvət edib. Bildirib ki, cəmiyyətimizin, xüsusilə gənc nəslin ağsaqqal sözünə, ağsaqqal məsləhətinə hər zaman ehtiyacı vardır. Çıxışının sonunda natiq əmin olduğunu vurğulayıb ki, Beyləqan Rayon Ağsaqqallar Şurası öz fəaliyyətini bundan sonra da səmərəli şəkildə davam etdirəcəkdir.

Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə ağsaqqalların cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıblar. Qeyd ediblər ki, tarixən xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ailə və cəmiyyət institutunun möhkəmləndirilməsində, gənc nəslin tərbiyəsində ağsaqqalların rolu danılmazdır və bu gün də həmin ənənə uğurla davam etdirilir.

Beyləqanda keçirilən konfransda təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Etibar İmanovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. İdarə Heyətinə yeni üzvlər qəbul edilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və digər konfrans iştirakçıları yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.