Beyləqan rayonunda dahi Azərbaycan şairi və mütəffəkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan “Füzuli dühasından dünyaya baxış” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, ağsaqqallar, ziyalılar, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri, füzulişünas Etibar İmanovun moderatorluğu ilə baş tutan tədbirdə Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan Məhəmməd Füzulinin həyat və yaradıcılığından ətraflı bəhs olunub, onun əsərlərinin təkcə ölkəmizin poeziyası üçün deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının və Niyazi adına Uşaq Musiqi Məktəbinin əməkdaşlarının təqdimatında Məhəmməd Füzuli yaradıcılığından nümunələr səsləndirilib, “Leyli və Məcnun” operasından kompozisiyalar təqdim olunub və şairin qəzəlləri əsasında muğam parçaları ifa edilib.
VII Muğam televiziya müsabiqəsinin diplomantı, “Muğam aləmi” 6-cı Milli Muğam Müsabiqəsinin və 50 ölkə arasında keçirilən Beynəlxalq Muğam Festivalının birincisi, Akademik Opera və Balet Teatrının solisti, səhnəmizin Məcnunu, beyləqanlıların qüruru Mirəli Sarızadə muğam ifaları ilə tədbirə əlavə rəng qatıb.
Tədbirin sonunda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək ölməz şairin əvəzsiz irsindən söz açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə imzaladığı Sərəncamı dahi mütəfəkkirin irsinə verilən dəyərin təzahürü kimi qiymətləndirib və tədbirin ərsəyə gəlməsində xidməti olan hər kəsə minnətdarlığını bildirib.








