Xəbərlər

Beynəlxalq Xəzər Neft və Qaz sərgisi


Cari ilin 1 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təntənəli surətdə açılış mərasimi olub. İclasda ölkə Prezidenti cənab İlham Əliyev geniş çıxış edərək, respublikanın enerji siyasətindən danışıb, enerji ilə bağlı görülən işlərə aydınlıq gətirib.

30 ölkəni təmsil edən 243 şirkətin nümayəndələrinin iştirakı ilə keçirilən sərği Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu bir daha sübut edir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra öz enerji təhlükəsizliyinə böyük sərmayə yatırmaqla idxalçıdan ixracatçıya çevrilib. Bu illər ərzində “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Qars”, “Cənubi Qafqaz” boru kəməri, TANAP və TAP qaz-boru kəmərlərindən ibarət “Cənub Qaz Dəhlizi” layihələri artıq reallığa çevrilərək dünyada tanınıb. Azərbaycan hazırda dünyanın siyasi arenasında tanınmış bir çox ölkələr üçün etibarlı tərəfdaş olub.
Prezidentimiz çıxışında deyib ki, “Cənub Qaz Dəhlizi”nə ehtiyacın olduğunu bilirdi. Sonralar planlı surətdə həyata keçirilən işlərlə – ümumilikdə 3500 km uzanan boru kəmərini sudan, qurudan və dağlıq ərazidən keçirməklə Azərbaycanın qüdrətini beynəlxalq arenada bir daha artırdı. Bu layıhələrin reallaşması Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi təsdiq edib. Qısa zamanda respublikamız qaz ixracının artırılmasına nail ola bilib.
Cənab Prezident çıxışında qaz potensialının təkcə “Şahdəniz” yatağı ilə məhdudlaşmadığından danışaraq qeyd edib ki, gələn ildən digər yataqların da hasilatına başlanacaqdır. Elə bu hadisənin özü də enerji təhlükəsizliyinə vacib töhfələr verəcəkdir.
Ümumiyyətlə, dövlət başçısının 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisindəki bu çıxışı həmişə olduğu kimi dərin mənalı, iqtisadi cəhətdən real faktlara söykənən çıxışlardan idi. Ancaq bütün bunlara baxmayaraq, biz yenilənən enerji sahəsində də işlərə başlamışıq. Belə ki, ölkəmiz külək və günəş enerjisinin istehsalı üçün geniş mənbələrə malikdir. İşğaldan azad edilmiş ərazilər də “yaşıl enerji” zonası elan edilib. Günəş və külək stansiyalarının yaradılması üçün planlar hazırlanıb.
Respublikamızda gedən bu nəhəng yeniliklər xalqımızın maddi rifah halının yaxşılaşdırılması üçün zəmin yaradacaqdır. Bütün bu yeniliklər bizi – Nizami Rayon Ağsaqqallar Şurasının üzvlərini hədsiz dərəcədə sevindirir. Rayon tədbirlərində öz çıxışlarımızda bu hadisələri məmnuniyyətlə iştirakçılara çatdırırıq. Onu da qeyd edək ki, rayon tədbirləri artıq qələbə ruhunda keçirilir. 44 günlük Vətən müharibəsində erməni işğalçılarını torpaqlarımızdan qovduqdan sonra biz artıq qalib xalq kimi vüqarla gəzirik. Şəhidlərimizin anım günlərində belə xoş əhval-ruhiyyə ilə çıxışlar edirik, şəhid analarına övladlarının qəhrəmanlığından danışmaqla onların azad etdiyi rayon və qəsəbələrdə görülən geniş müasir tipli abadlıq işlərindən bəhs edirik. Biz böyük fəxrlə Prezidentimiz cənab İlham Əliyevin dünyanın siyasi səhnəsində qazandığı yüksək nüfuzundan danışırıq.
Biz Prezidentimizlə fəxr edirik! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Nizami Rayon Ağsaqqallar Şurasının sədri
Mayıl Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.