Xəbərlər

Biləsuvarda Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

İyun ayının 3-də Biləsuvarda Heydər Əliyev Mərkəzinin akt zalında Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Tədbirdən öncə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Əli Babayev və rayon ağsaqqalları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini yad ediblər.
Konfransda Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın və hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir iştirakçılarını salamlayan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyə və məsləhətlərinə hər zaman ehtiyac vardır: “Bu gün də gənclərin dövlətə, xalqa sadiq, Vətənə bağlı, zərərli, yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində ağsaqqallarımızın rolu böyükdür.”
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Əli Babayevin hesabat məruzəsi dinlənilib. O, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Hesabatda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova bildirib ki, ağsaqqalarımız ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışan Elmira xanım Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəşadətli Ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. O, ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb.
Hesabatda rayon Ağsaqqallar Şurasının üzvləri Akif Kazımov, Rüstəm Əliyev, Salamat Rəhimov və Hənifə Mirsultanov ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon gəncləri ilə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışıblar. Qeyd ediblər ki, Azərbaycanda ağsaqqallar hər zaman cəmiyyətin milli-mədəni tərbiyəsində mühüm rol oynayıblar. Bu səbəbdəndir ki, ulu öndər Heydər Əliyev ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edirdi.
Konfransdan sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Ağakərim İbrahimovla birgə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyini ziyarət edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.