Dekabrın 20-də Türkiyə Respublikasının sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, millət vəkili Binəli Yıldırımın 67 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Binəli Yıldırıma təbrik məktubu ünvanlayıblar:
Hörmətli Binəli Yıldırım!
Sizi şərəfli ömrünüzün 67-ci İldönümü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə dəyərli fəaliyyətinizdə uğurlar diləyirik!
Dost və qardaş Türkiyə Respublikasının bütün sahələrdə mühüm nailiyyətlər əldə etməsində, beynəlxalq aləmdə söz sahibi olmasında və böyük nüfuz qazanaraq güclü və qüdrətli dövlətə çevrilməsində Sizin yüksək xidmətləriniz olmuşdur. Qətiyyətli və müdrik idarəçiliyiniz, çoxşaxəli səmərəli fəaliyyətiniz sayəsində ölkənizin keçdiyi hərtərəfli inkişaf yolu, imza atdığınız uğurlar bizi səmimi-qəlbdən sevindirir. Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü ali səviyyəyə yüksəlməsində Sizin əvəzsiz rolunuz vardır.
Hazırda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri olaraq birliyimizin və müttəfiqliyimizin möhkəmləndirilməsi yolunda davamlı səyləriniz, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi işinə verdiyiniz daimi dəstək ölkəmizdə Sizə dərin hörmət və ehtiram qazandırmışdır. İnanırıq ki, digər sahələrdə olduğu kimi, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası səviyyəsində də səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Hörmətli Binəli Yıldırım!
Əziz Dostumuz!
Bir daha Sizi əlamətdar Doğum Gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə ən xoş dost və qardaş arzularımızı bildirməkdən məmnunluq hissi duyuruq!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV