Mart ayının 17-də Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri, Ədliyyə general-mayoru, müharibə və əmək veteranı Akif Rəfiyevin 90 illik yubileyinə həsr olunmuş görüş keçirilib.
Görüşdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, başçının birinci müavini Hacıbaba Babayev, başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, Rayon İcra Hakimiyyəti başçsı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Sabir Əliyev, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev iştirak ediblər.
Tədbirdə Elxan Allahverdiyev çıxış edərək Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyevi qarşıdan gələn 90 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından və respublikamızın, eləcə də Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli roldan bəhs edib. Milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqalların əməyinin danılmaz olduğunu vurğulayıb.
Sonra başçının müavini Sevinc Süleymanova Akif Rəfiyevin zəngin həyat və fəaliyyətindən bəhs edib. Yubilyarın Binəqədi rayonundakı səmərəli fəaliyyətini xüsusi qeyd edərək ona ən səmimi arzularla təbriklərini çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov görüş iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Ağsaqqallıq institutunun qədim tarixə malik olduğunu söyləyən natiq xüsusilə türk tayfalarında və bu gün onların davamçıları olan türk dövlətlərində yüksək nüfuz sahibi olan ağsaqqallara böyük qiymət verildiyini qeyd edib. Həmçinin Ümummilli Liderimiz Heydər Əliyevin ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıraraq onlara verdiyi yüksək dəyərdən, bu gün həmin diqqət və qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla davam etdirilməsindən söz açıb. Bildirib ki, bu günlərdə 90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Ədliyyə general-mayoru Akif Rəfiyev şərəfli həyat yolu və yüksək fəaliyyəti, Vətənə və xalqa sədaqətli xidməti ilə cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün hər zaman düzgün istiqaməti göstərən bir mayakdır. Onun dövlətçiliyimizin möhkəmlənməsi, hüququn aliliyinin təmin olunması və cəmiyyətimizin inkişafı istiqamətində uzun illər ərzində göstərdiyi yüksək fədakarlıq və əzm danılmazdır. Ədliyyə sistemindəki çoxillik xidmətləri, hüquq sahəsindəki uğurları, eləcə də prinsipial və ədalətli mövqeyi ilə Akif müəllim insanların dərin hörmətini və yüksək etimadını qazanmışdır. O, Binəqədi Rayon Ağsaqqallar Şurasına rəhbərlik etdiyi bu illər ərzində müdrikliyi, təşəbbüskarlığı və təşkilatçılıq bacarığı ilə hər zaman seçilib, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, ağsaqqallıq irsinin qorunmasına və yaşadılmasına böyük töhfələr verib, ağsaqqal nüfuzunu daim uca tutub. Çıxışının sonunda Bayram Yusifov özündə insana xas bütün müsbət keyfiyyətləri cəmləyən müdrik ağsaqqal, vətənpərvər ziyalı Akif Rəfiyevi astanasında olduğu 90 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona Allahdan uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri, Ədliyyə general-mayoru, müharibə və əmək veteranı Akif Rəfiyev çıxışı zamanı 65 illik uzunmüddətli səmərəli fəaliyyəti ilə bağlı maraqlı xatirələrini bölüşüb, hazırda onun sədrliyi ilə Rayon Ağsaqqallar Şurasının gördüyü işlərdən ətraflı bəhs edib. Göstərilən diqqət və qayğıya görə hər kəsə öz dərin minnətdarlığını bildirib.
Görüşün sonunda Akif Rəfiyevə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyevin 90 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 17-03-2026
- [15:20]
- []
17
Mar









