Xəbərlər

Bölgələrimizdə Ağsaqqallar Şurasının üzvlərinə daim diqqət və qayğı göstərilir

Xalqımız tarix boyu hər zaman öz ağsaqqallarına və ağbirçəklərinə böyük hörmətlə yanaşıb. Onların sözü, nəsihət və məsləhətləri xüsusi ehtiram və diqqətlə qarşılanıb. Hazırda bu ənənə davam etdirilir, müdrik ağsaqqal və ağbirçəklərimizin xalqımızın rifahı, əmin-amanlığı naminə həyata keçirdikləri işlər, səmərəli fəaliyyətləri hər bir bölgəmizdə yüksək qiymətləndirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən “xalqımızın milli-mənəvi dəyərlərinin qızıl fondu” adlandırılan bu insanlara Ağsu rayonunda da xüsusi diqqət və qayğı ilə yanaşılır. Belə ki, Ağsu Rayon Ağsaqqallar Şurasının üzvü Hümbətova Sehrayyə Şiralı qızının 75 illik yubileyinin yüksək səviyyədə qeyd olunması bu xoş münasibətə növbəti bariz bir nümunədir.

İyun ayının 3-də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun, Rayon Ağsaqqallar Şurasının sədri, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Nəzərovun, eləcə də ağsaqqalların, ziyalıların, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə RİH-nin iclas zalında rayonun Müradlı kənd sakini, Rayon Ağsaqqallar Şurasının üzvü və Ağsu rayonunun Qaraqoyunlu bələdiyyəsinin sədr müavini Hümbətova Sehrayyə Şiralı qızının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sehrayyə Hümbətovanı 75 illik yubileyi münasibətilə təbrik edən natiqlər yubilyarın nümunəvi həyatından və zəngin əmək fəaliyyətindən bəhs ediblər. Bildiriblər ki, Sehrayyə Hümbətova 53 illik əmək fəaliyyəti dövründə rayonun müxtəlif təşkilatlarında, eləcə də Muradlı və Qaraqoyunlu bələdiyyələrində məsul vəzifələrdə çalışıb, daim öz səmərəli fəaliyyəti ilə seçilib. O, rayonun ictimai-siyasi həyatında, mədəni-kütləvi tədbirlərində göstərdiyi dəyərli fəaliyyətinə görə dəfələrlə Fəxri fərmanlarla və digər mükafatlarla təltif edilib. Sehrayyə Hümbətovanın ən böyük mükafatı isə rayon əhalisinin böyük sevgi və ehtiramı olub.

Yığıncaqda Sehrayyə Hümbətovaya 75 illik yubileyi münasibətilə hədiyyələr təqdim edilib, ən xoş və səmimi arzular çatdırılıb. Yubilyar çıxış edərək ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Sonra tədbir çay süfrəsi arxasında davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.