Xəbərlər

Cəbrayıl Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Oktyabr ayının 25-də Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınan qəsəbədə Cəbrayıl Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri, Nəzarət-Təftiş Komissiyasının üzvü Vaqif Məhərrəmov, Azərbaycan Ağsaqqallar Şurasının məsul şəxsləri Rafiq Rzayev və Elşad Quliyev, rayon ağsaqqalları və ziyalıları, Cəbrayıl RİH-in əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbir iştirakçılarını salamlayaraq, respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da hər zaman böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların fəaliyyətindən söz açıb. Onların cəmiyyətimizin inkişafında, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdiklərini bildirib. Cəbrayıl Rayon Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini bildirən Kamal Həsənov qeyd edib ki, təşkilatda təmsil olunan bütün rayon ağsaqqalları Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. O, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişləri əsasında Cəbrayıl rayonunda aparılan genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işlərindən də söhbət açıb. Artıq dörd ildir işğaldan azad olunan doğma yurda qayıdan Cəbrayıl sakinlərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını bildirib. Çıxışının sonunda o, konfransın işinə uğurlar arzulayıb.

Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən dövr ərzində erməni işğalı nəticəsində öz doğma ev-eşiklərini tərk edərək ölkəmizin müxtəlif bölgələrində məskunlaşan rayon əhalisi, o cümlədən də ağsaqqallar öz aktiv ictimai fəaliyyətlərini davam etdiriblər. Harada yaşamalarından asılı olmayaraq, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının üzvləri hər zaman dövlətə dəstək olublar, aktual mövzularla bağlı bir çox tədbirlərdə, yığıncaqlarda iştirak və çıxışlar ediblər, şəhid ailələrinin üzvləri və qazilərlə, həmçinin orta və ali məktəblərdə gənclərlə görüşlər keçiriblər, onlarla vətənpərvərlik ruhunda maarifləndirici işlər aparıblar. Habelə natiq vurğulayıb ki, Şura Rayon İcra Hakimiyyəti və YAP Cəbrayıl rayon təşkilatı ilə sıx əməkdaşlıq şəraitində birgə səmərəli fəaliyyət göstərir. Vaqif Məhərrəmov öz çıxışında I və II Qarabağ müharibələrində vuruşan, qeyrət nümayiş etdirən qəhrəman cəbrayıllıları, eləcə də unudulmaz şəhidləri bir daha ehtiramla xatırlayıb. Qeyd edib ki, bu gün onların ruhu şaddır, çünki işğal olunan bütün torpaqlarımız, o cümlədən doğma Cəbrayılımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad olunub. O, ölkə başçısı qarşısında Cəbrayıl ağsaqqalları adından çıxış edərək öz minnətdarlığını bildirdiyini də vurğulayaraq əlavə edib ki, artıq 4 oktyabr tarixini – dədə-baba yurdumuzun işğaldan azad olunduğu tarixi Cəbrayıl şəhər günü kimi böyük sevinc və təntənə ilə qeyd edirik.

Sonra təşkilati məsələlər müzakirə olunub. Cəbrayıl Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. El ağsaqqalı, I Qarabağ müharibəsi veteranı, Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü Vaqif Məhərrəmov yenidən yekdilliklə Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb.

Konfransda rayon ağsaqqalları, ziyalılar və digər natiqlər çıxış edərək yeni seçilmiş sədrə və heyətə uğurlar arzulayıblar, onların ölkəmizin, o cümlədən rayonun ictimai-mədəni həyatında bundan sonra da yaxından iştirak edərək səmərəli fəaliyyət göstərəcəklərinə əmin olduqlarını vurğulayıblar. Belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz çıxışında konfrans iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb, tədbirin böyük ruh yüksəkliyi ilə keçirildiyini vurğulayıb. Cəbrayılın düşmən tapdağından azad edilməsinin dördüncü ildönümü münasibətilə cəbrayıllıları ürəkdən təbrik edərək növbəti tədbirlərin tezliklə Azərbaycanın o gözəl guşəsində keçirilməsini arzulayıb. O, 44 günlük Vətən müharibəsindəki böyük Zəfərimizdən, əsgər və zabitlərimizin şücaətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz hərbi və siyasi istedadından bəhs edib. “Xoşbəxt xalqıq ki, bizə möhtəşəm Qələbə bəxş edən, Azərbaycana davamlı uğurlar qazandıran cənab İlham Əliyev kimi Prezidentimiz və Ali Baş Komandanımız var”, – deyə vurğulayıb. Natiq Azərbaycanın qəhrəman övladlarının böyük coşğu və ruh yüksəkliyi ilə Vətən müharibəsində iştirak etdiklərini, Cəbrayılın mərd oğullarının cəbhənin ön sıralarında igidliklə vuruşduqlarını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Çıxışında ağsaqqallıq institutunun qədim tarixindən və keçdiyi yoldan bəhs edərək ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının xalqımız üçün hər zaman böyük əhəmiyyət daşıdığını qeyd edən Bayram Yusifov, həmçinin, bildirib ki, tanınmış şəxsiyyətləri, o cümlədən görkəmli elm, mədəniyyət və incəsənət adamlarını, nüfuzlu ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının səmərəli fəaliyyət dairəsi və sıraları millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında gündən-günə genişlənir. Natiq daha sonra ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan, həmçinin onlara göstərilən dövlət qayğısından da danışaraq, bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Çıxışının sonunda Bayram Yusifov Cəbrayıl Rayon Ağsaqqallar Şurasının gördüyü işləri qənaətbəxş hesab edərək, öz tövsiyə və təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Yenidən sədr vəzifəsinə seçilmiş Vaqif Məhərrəmovu və rəhbər heyəti təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov ona və digər ağsaqqallara göstərilən etimada görə hər bir kəsə öz minnətdarlığını ifadə edərək, Şuranın uğurlu fəaliyyəti üçün gələcəkdə də əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.