Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası və təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 30 iyul 2026-cı il tarixində Cəlilabad rayonunun Alar kəndində ağsaqqalların iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbir Cəlilabad Rayon Ağsaqqallar Şurası, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Alar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dəyanət Əskərov iştirakçıları salamlayaraq bildirmişdir ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkədə müasir şəhərsalma siyasətinin inkişafı, tarixi-mədəni irsin qorunması, ekoloji tarazlığın təmin edilməsi və dayanıqlı yaşayış mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vətəndaşların hüquqi və ictimai şüurunun yüksəldilməsində xüsusi rol oynadığını vurğulamışdır.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının Cəlilabad rayon təşkilatının sədri Ədalət Əsgərov, sədr müavini İsa Allahverdiyev, İdarə Heyətinin üzvü Bağış Mustafayev və Təzəkənd Ağsaqqallar Şurasının sədri Məhərrəm Nağıyev çıxış edərək milli-mənəvi dəyərlərin, tarixi-mədəni və memarlıq irsinin qorunmasının cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd etmişlər. Ədalət Əsgərov çıxışında Cəlilabad rayonunda son illər həyata keçirilən abadlıq-quruculuq işlərindən, yeni parkların salınmasından, rayon rəhbəri Rafiq Cəlilovun ağsaqqallara göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs etmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Ombudsman xanım Səbinə Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdıraraq “Şəhərsalma və Memarlıq İli: insan hüquqları kontekstində milli və beynəlxalq hüquqi mexanizmlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Alar Bələdiyyəsinin sədri Nazim Əsgərov isə çıxışında bildirmişdir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayonda abadlıq və quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Alar Bələdiyyəsinin təşəbbüsü ilə kənddə müasir park salınaraq sakinlərin istifadəsinə verilib. Parkda yaşıllıq zolaqları yaradılıb, dekorativ ağac və gül kolları əkilib, işıqlandırma sistemi, oturacaqlar, söhbətgahlar, fəvvarə və uşaqlar üçün müasir attraksionlar quraşdırılıb. Bu istirahət məkanı sakinlərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və sosial rifahın yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən digər natiqlər də qeyd ediblər ki, son illər Cəlilabad rayonunda yaşayış məntəqələrinin abadlaşdırılması, yeni park və istirahət zonalarının yaradılması, yaşıllıq sahələrinin genişləndirilməsi və müasir infrastrukturun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.





