Dekabr ayının 6-da Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanovun 75 yaşı tamam olur.
Azərbaycan ağsaqqalının, ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Cavanşir müəllim fəaliyyəti boyunca hər zaman dövlətimizə və xalqımıza yüksək fədakarlıqla xidmət göstərmişdir. Onun rəhbərliyi altında bir çox tanınmış idmançılar və bədən tərbiyəsi sahəsi üzrə mütəxəssislər yetişmişdir. Sadə zəhmətdən başlayan yorulmaz işgüzarlığı və bacarığı sayəsində daim ucalaraq rəhbər vəzifələrdə fəaliyyətini uğurla davam etdirmiş, ən əsası isə xalqımız tərəfindən sevilən böyük hörmət və nüfuz sahibi olmuşdur. Keçmiş SSRİ-nin idman ustası, ümumittifaq və beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının əməkdar məşqçisi olan Cavanşir Qurbanov idman sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüşdür.
Cavanşir müəllim Yasamal Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı, dəyərli xidmətləri ilə bu gün də cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Şərəfli ömür sürərək həyatının müdriklik zirvəsinə yüksələn Cavanşir Qurbanovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV