Xəbərlər

Deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin seçicilərlə yekun görüşü keçirilib

VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Maştağa və Bilgəh qəsəbələrinin sakinləri ilə görüş keçirib.

Seçkilərin təbliğat kampaniyası çərçivəsində baş tutan yekun görüş Maştağa qəsəbəsinin Mədəniyyət evində keçirilib.
Əvvəlcə görüşdə nümayiş etdirilən və sözləri Eldar Quliyevə məxsus olan “Baş Komandanım” və “Azərbaycan-Türkiyə” adlı mahnıların klipləri tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.
Sonra tədbirdə deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin seçki platformasından söz açılıb. Onun geniş və zəngin tərcümeyi-halı seçicilərin diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən Eldar Quliyev seçiciləri salamlayaraq ona doğma olan insanlarla görüşdən məmnun olduğunu bildirib. Azərbaycanın hər bir regionunda olduğu kimi Bakıətrafı kənd və qəsəbələrdəki inkişafdan, sosial-iqtisadi göstəricilərdən söz açan deputatlığa namizəd qarşıya qoyulan məqsəd və vəzifələrdən bəhs edib: “Azərbaycanın dinamik inkişafı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin bariz göstəricisidir. Hazırda Azərbaycan qüdrətli və şərəfli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu uğurlu inkişaf konsepsiyasına uyğun olaraq bu gün Azərbaycan layiq olduğu mərhələyə yüksəlib. Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün regional və qlobal miqyasda aparıcı dövlət kimi çıxış edir. Azərbaycanda keçirilən mötəbər tədbirlər məhz bu amildən qaynaqlanır. Məhz bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq tədbiri də Azərbaycana, ölkə Liderinə olan ən yüksək inam və etimadın göstəricisi hesab edilir”.
Daha sonra öz çıxışında 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini bildirən deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev işğaldan azad edilmiş bütün torpaqlarımızda şanlı üçrəngli bayrağımızın qürurla dalğalandığını seçicilərin diqqətinə çatdırıb. Vurğulayıb ki, artıq Böyük Qayıdış konsepsiyasının proqramına uyğun olaraq ardıcıl işlər icra edilir. Qarabağ və Şərqi Zəngəzurun mənzərəsi tamam dəyişərək gözəlləşir.
Deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev görüşdə seçki platformasından, seçicilərin bu günə qədər ona ünvanlanan bütün müraciətlərinə diqqətlə yanaşmasından da bəhs edib: “Biz hər zaman seçicilərin müraciətləri əsasında işimizi qurmuşuq. Çalışmışıq ki, sizlərin etimadını doğruldaq. Hər bir məsələdə seçicilərin yanında olmuşuq. Ötən dövrdə də fəaliyyətimiz məhz bu prinsiplər üzərində qurulub. Əminik ki, Bilgəh və Maştağa seçiciləri ilə davamlı sıx təmaslarımız ümumi işlərimizin faydasına olacaq və deputat seçiləcəyim təqdirdə mənə göstərilən inam və etimadı bundan sonra da layiqincə doğrultmağa çalışacam.”
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov görüşdə çıxış edərək Eldar müəllimin yalnız ağsaqqallar arasında deyil, veteranlar arasında da olan böyük nüfuzundan söz açıb. Bildirib ki, artıq bir neçə ildir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Ağsaqqallar Şurası ilə səmərəli əməkdaşlıq həyata keçirir. Natiq birgə keçirilən tədbirlərdən, görüşlərdən ətraflı bəhs edib, Eldar Quliyevin yüksək fəaliyyət əzmini vurğulayıb. O hər zaman xalqın, seçicilərinin mənafeyini qoruyan və güclü dövlət quruculuğu yolunda yorulmaz fəaliyyət göstərən nüfuzlu ictimai-siyasi xadim, görkəmli alim Eldar Quliyevi seçkilərdə dəstəkləməyə çağırıb. Qeyd edib ki, Eldar müəllim bundan sonra da millət vəkili kimi Maştağa və Bilgəh qəsəbələrində uğurla bir çox işlər həyata keçirəcəkdir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz çıxışında ağsaqqallıq institutunun tarixindən bəhs edib, türk dövlətlərində, o cümlədən ölkəmizdə böyük nüfuz sahibi olan ağsaqqallara yüksək dəyər verildiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin tarixi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikrini bir daha görüş iştirakçılarına xatırladıb. Əlavə edib ki, Maştağa və Bilgəh seçiciləri xoşbəxt seçicilərdir ki, onların namizədi Azərbaycan Ağsaqqallar Şurasının sədri olan Eldar müəllim kimi nüfuzlu və müdrik bir ağsaqqaldır. Onları belə görkəmli alim, dəyərli ağsaqqal və alicənab insan Milli Məclisdə təmsil edəcək. Sonra natiq Eldar Quliyevin Azərbaycan Ağsaqqallar Şurasındakı yüksək və səmərəli fəaliyyətindən, bütün ölkə ağsaqqallarının ona olan böyük hörmət və ehtiramından ətraflı söz açıb. Çıxışının sonunda Bayram Yusifov seçki hüququ olan hər bir vətəndaşı seçkilərdə fəal iştiraka dəvət edib və əmin olduğunu bildirib ki, sentyabrın 1-də Maştağa və Bilgəh seçiciləri yalnız sözü ilə deyil, həm də əməli fəaliyyəti ilə xalqa, dövlətə xidmət edən, hər zaman qəsəbə əhalisinin yanında olan, onlardan öz diqqət və qayğısını əsirgəməyən ən layiqli namizədə – Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə səs verəcəklər.
Görüşdə çıxış edən digər natiqlər də seçiciləri 1 sentyabrda Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə – inkişafa, tərəqqiyə, əmin-amanlığa səs verməyə çağırıblar.
Tədbirdə iştirak edən Bilgəh və Maştağa seçiciləri onları narahat edən poblemlərə, həlli vacib, aktual məsələlərə dərhal reaksiya verdiyinə, onların problemlərini həlli etdiyinə, bir çox məqamlarda yanlarında olduğuna görə Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə təşəkkürlərini bildiriblər. Əmin ediblər ki, 1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində növbəti dəfə Eldar Quliyevə etimad göstərəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.