Xəbərlər

Dövlətimiz ağsaqqallara yüksək diqqət və qayğı göstərir

Bu fikri Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü  Xalid Kərimovun 70 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirib.

İyul ayının 4-də Nəsimi Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə yubilyarla yanaşı, Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Şuranın məsul şəxsləri Rafiq Rzayev, Elşad Quliyev, rayonda fəaliyyət göstərən bir sıra idarə və təşkilatların əməkdaşları, ağsaqqallar, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkəmizin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak edərək xalqımıza dəyərli xidmətlər göstərən Xalid Kərimovu 70 illik, habelə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovu və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının müavini Zahid Xəlilovu 60 illik yubileyləri münasibətilə təbrik edərək onlara bundan sonra da sağlam və mənalı ömür, fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkil olunduğunu qeyd edən natiq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qulluğu siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir və bu sahənin inkişafına xüsusi diqqət yetirilir.  Professor Vaqif Şadlinskinin uğurla sədrlik etdiyi Nəsimi Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirən Asif Əsgərov Xalid Kərimovun rayonun ictimai-siyasi həyatındakı müsbət rolunu xüsusi vurğulayıb. O, həmçinin, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, cəmiyyətdə milli-mənəvi dəyərlərin formalaşmasında ağsaqqalların fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbir iştirakçılarını salamlayaraq yubilyarların çoxşaxəli vətənpərvər fəaliyyətlərindən bəhs edən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski onlara gələcək işlərində uğurlar arzulayaraq, öz səmimi təbriklərini çatdırıb. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu diplomatiya və iqtisadi qüdrətin yüksəliş strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti, qətiyyəti və uzaqgörənliyi sayəsində dövlətimizi daha sarsılmaz və güclü edib. Natiq ölkəmizdə həyata keçirilən bu inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasından da danışıb, rayonun ictimai-siyasi həyatında onların daha yaxından iştirak etməsinin zəruriliyini vurğulayıb.

Sonra çıxış edən Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də yubilyarları təbrik edib. O, hazırda rayon ağsaqqalları ilə birgə çalışmasından məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycanda yaşayan bütün xalqların, çoxsaylı konfessiyaların nümayəndələri özlərini bu ölkənin layiqli vətəndaşı hesab edirlər. Azərbaycanda tarix boyu mehriban qonşuluq, din azadlığı, millətlərarası və dinlərarası tolerantlıq prinsipləri hökm sürüb.

Xalid Kərimovu və digər yubilyarları Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik edən təşkilatın Aparat rəhbəri Ramin Həsənli Allahdan onlara uzun ömür, möhkəm cansağlığı, şərəfli ömür yollarında və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Xalid Kərimovun və onun timsalında bütün ağsaqqalların xalqımız üçün hər zaman dəyərli olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərini şəhid ailələrinin, qazilərin və ahılların sosial müdafiəsinin gücləndirilməsi, onları narahat edən məsələlərin vaxtında həll olunması təşkil edir və dövlətimiz hər zaman olduğu kimi hazırda da ağsaqqallara yüksək diqqət və qayğı göstərir. Ramin Həsənli, həmçinin, vurğulayıb ki,  Ümummilli Liderimiz Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqallara göstərdiyi qayğı və həssas münasibət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hərtərəfli şəkildə davam etdirilir.

Daha sonra tədbirdə Azərbaycan Ağsaqqallar Şurası və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən yubilyarlara xatirə hədiyyələri və Fəxri fərmanlar təqdim olunub.

Sonda yubilyarlar onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.