Dekabr ayının 26-da Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadənin 75 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elbay Qasımzadəni 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Elbay müəllim!
Sizi – respublikamızın memarlıq məktəbinin görkəmli nümayəndəsini, Azərbaycanın Əməkdar memarını, ölkəmizin pedaqoji-elmi və ictimai-mədəni həyatında silinməz iz qoyan dəyərli ziyalımızı 75 illik yubileyiniz və memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinizə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə Allahdan uzun ömür, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!
Siz bütün mənalı ömrünüzü məhsuldar yaradıcılığa həsr edərək respublikamızda peşəkar memarlıq məktəbinin formalaşdırılmasında böyük xidmətlər göstərmisiniz. Memarlıq və şəhərsalma proseslərinin fəal iştirakçısı olaraq şəhər və rayonlarımızın Baş planlarının hazırlanmasında bu gün də xüsusi rol oynayırsınız. Təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınmış bir memar kimi bir çox müsabiqələrin qalibi olaraq nüfuzlu mükafatlarla və diplomlarla təltif olunmusunuz. 150-dən artıq layihənin, 80-dən artıq məqalənin və 8 kitabın müəllifisiniz. Tutduğunuz vəzifələrdəki uğurlu fəaliyyətiniz və fədakar əməyiniz dövlətimiz tərəfindən yüksək təltiflərlə – “Şöhrət” və “Şərəf” ordenləri, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalları, dəfələrlə “Humay”, “Uğur” milli mükafatları və 2-ci dərəcəli “Əmək” ordeni ilə dəyərləndirilmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, habelə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin professoru olaraq müdrik ağsaqqal və nüfuzlu bir alim kimi ölkəmizin pedaqoji-elmi və ictimai həyatında yaxından iştirakınızla xalqımıza bu gün də dəyərli xidmətlər göstərirsiniz. Cəmiyyətimizin sosial-mədəni inkişafında, həmçinin gənc nəslin istedadlı, peşəkar memar kimi yetişdirilməsi ilə yanaşı, onların Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz.
Hörmətli Elbay müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi 75 illik yubileyiniz və 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edir, cəmiyyətimiz üçün nümunə olan ömür yolunuzda və gələcək fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV