Xəbərlər

ELDAR HÜSEYNOV – 85

Bu gün Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri, müdrik ağsaqqal, dəyərli ziyalı Eldar Hüseynovun 85 yaşı tamam olur.

Eldar Hüseynovun zəngin və mənalı həyatı fədakar əməyin, yüksək vətəndaşlıq mövqeyinin və doğma Vətənə sədaqətin parlaq nümunəsidir. Zəhmətkeş ailə mühitində böyüyərək formalaşan, ömür yolu hər zaman çalışqanlıq, məsuliyyət və insanlara xidmət prinsipləri ilə səciyyələnən Eldar müəllim müxtəlif məsul vəzifələrdə vicdanla çalışaraq peşəkarlığını və təşkilatçılıq qabiliyyətini yüksək səviyyədə nümayiş etdirmişdir. Lənkəran mebel fabrikinin direktoru kimi uzun illər ərzində müəssisənin səmərəli fəaliyyətini təmin etmiş, kollektivin hörmət və etimadını qazanmış, bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Eldar Hüseynovun idarəçilik bacarığı və ictimai nüfuzu 2000–2020-ci illərdə Lənkəran bələdiyyəsinin sədri vəzifəsində çalışdığı dövrdə də özünü göstərmişdir. Bu illər ərzində o, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təşkili, əhalinin sosial problemlərinin həlli, kənd və qəsəbələrin inkişafı, ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyət göstərmiş, Lənkəran rayonunun ictimai həyatında dərin iz qoymuşdur.

2021-ci ildən etibarən Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri olaraq  fəaliyyətə başlayan Eldar Hüseynov zəngin həyat təcrübəsi və yüksək nüfuzu ilə cəmiyyətə xidmətini davam etdirmişdir. Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı müdriklik məktəbi olan ağsaqqallar institutunun layiqli bir nümayəndəsi kimi Lənkəran rayonunda ağsaqqal sözünün nüfuzunu daha da yüksəltmişdir. Onun rəhbərliyi ilə Lənkəran Rayon Ağsaqqallar Şurası bölgədə ictimai sabitliyin qorunması, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətdə sağlam mənəvi mühitin formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirmişdir.  Eldar müəllim bu gün də ağsaqqal müdrikliyi, təmkin və ədalət prinsipləri ilə çıxış edərək müxtəlif ictimai təşəbbüslərin həyata keçirilməsinə öz  töhfəsini verir, gənclərlə görüşlər keçirir, onların milli dəyərlərə sadiq və Vətənə bağlı vətəndaşlar kimi yetişməsinə xüsusi diqqət yetirir. Eldar Hüseynov həm də nümunəvi ailə başçısıdır. Ailə dəyərlərinə sadiqliyi, övladlarına və nəvələrinə aşıladığı yüksək mənəvi keyfiyyətlər onun həyat fəlsəfəsinin ən gözəl göstəricilərindəndir.

Bu əlamətdar gündə ömrünü zəhmətə, xalqa xidmətə, milli-mənəvi dəyərlərimizin qorunmasına və cəmiyyətimizin inkişafına həsr etmiş hörmətli ağsaqqalımız Eldar Hüseynovu  85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

İdarə Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                                                                                                               Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.