Oktyabrın 31-də Şuşada Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilib. İclasda, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Şuşa şəhərinin azad edilməsindən, böyük Zəfərin tarixi əhəmiyyətindən söz açıb, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb. Sonra Bəxtiyar Əliyev “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması prosesindən, bunun üçün yaradılan işçi qrupunun ötən müddət ərzində gördüyü işlərdən danışıb, sənəddə əks olunan ali təhsilin dövlət standartları, keyfiyyət təminatları, mərhələləri və digər məsələlər barədə ətraflı izahat verib.
Komitələrin birgə iclasının ikinci məsələsini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müzakirəyə təqdim edib. O, Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Daha sonra işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində görülən tədbirlərdən bəhs edib və bu işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə həyata keçirildiyini vurğulayıb.
Sonra iclasda komitələrin sədr müavinləri Musa Qasımlı, Fazil Mustafa, deputatlar Eldar Quliyev, Etibar Əliyev, Ceyhun Məmmədov, Ülviyyə Həmzəyeva çıxış ediblər.
Onlar azad Şuşada Milli Məclisin komitə iclaslarının keçirilməsinin tarixi əhəmiyyətindən, Azərbaycan şəhidlərinin qanı ilə yoğurulan Şuşa torpağının bizim üçün müqəddəsliyindən, Şuşanın Azərbaycan xalqının tarixində, mədəniyyətində, təhsilində tutduğu önəmli yerdən danışıblar. Deputatlar Şuşada olmalarından keçirdikləri qürur hisslərini və təəssüratlarını bölüşüblər, gündəlikdəki məsələlərlə bağlı fikirlərini və təkliflərini səsləndiriblər.
İclasda “Ali təhsil haqqında” qanun layihəsi irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla Elm və təhsil komitəsinin iclasında baxılmağa məqbul sayılıb.
Səfər çərçivəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev deputat həmkarları ilə birgə mədəniyyət paytaxtımız olan Şuşanın görməli yerlərini, tarixi və mədəni abidələrini ziyarət edib, Cıdır düzündə olub. Həmçinin Şuşada aparılan yenidənqurma işləri ilə də yaxından tanış olub.