Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da İmişli Rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib.
Ağsaqqallar Şurasından AZƏRTAC-a bildiriblər ki, İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, bir qrup rayon ağsaqqalı iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra iclasın sədri və katibi seçilib, gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb.
İclasın sədri gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və Rayon Ağsaqqallar Şurasının üzvləri səsvermə yolu ilə müəyyənləşib. Əmirov Ramiz Cahangir oğlu İmişli Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Tədbirdə çıxış edən Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov Azərbaycan ağsaqqallarının xalqımızın həmrəy olmasında vacib rol oynadıqlarını, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam təməllər əsasında tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu bildirib. Diqqətə çatdırıb ki, xalqımızın mənəvi dünyasında ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub və hər zaman onların xeyir-duasının alınmasına, ağsaqqal məsləhətinə, tövsiyəsinə böyük önəm verilib.
İmişli Rayon Ağsaqqallar Şurasının yeni sədri Ramiz Əmirov göstərilən etimada görə minnətdarlığını bildirərək, Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.