Xəbərlər

“Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib

İyul ayının 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib.
Azərbaycan Ağsaqqallar Şurası ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, Azərbaycan Ağsaqqallar Şurasının müavinləri, millət vəkili, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri Misir Mərdanov, Zərifə Salahova, Akif Rəfiyev, həmçinin Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, Şuranın məsul işçiləri Rafiq Rzayev, Elşad Quliyev, o cümlədən ölkə üzrə bütün yerli təşkilatların sədrləri, digər qeyri-hökumət təşkilatlarının sədrləri, ağsaqqallar və veteranlar iştirak ediblər.
Forumun keçirilməsində əsas məqsəd ağsaqqalların və veteranların təmsil olunduqları təşkilatların aktivliyini artırmaq, onlar arasında əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin ağsaqqalların və veteranların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaq idi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhdilərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Forumu giriş sözü ilə açan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ağsaqqalların və  veteranların cəmiyyətdəki roluna diqqət çəkib, onların təmsil olunduqları qeyri-hökumət təşkilatları (QHT) arasında əməkdaşlığın genişlənməsinin zəruriliyinə toxunub. O qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizdə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə ehtiyac var: “Ağsaqqallar öz dünyagörüşündən, həyat və mübarizə təcrübəsindən istifadə edərək gənclərə yol göstərməli, onların milli maraqlarımız, Vətənin və xalqın mənafeyinə naminə daha sıx birləşməsini təmin etməlidirlər. Bunun üçün ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın güclənməsi, onların ictimaiyyətlə təmaslarının daha da genişlənməsinə, bu qurumların gənclərlə daha aktiv iş aparmasına ehtiyac var”.
Vüsal Quliyev ağsaqqaların və veteranların təmsil olunduğu QHT-lərin cəmiyyətimizi narahat edən bir sıra problemlərin həllində fəallıq nümayiş etdirməsinin əhəmiyyətinə də toxunub: “Bu gün ölkəmizin müxtəlif bölgələrində məişət zorakılığı, qızların təhsili, erkən nikahlar və s. problemlərlə mübarizədə ağsaqqallarımız və veteranlarımız fəal rol oynamalı, geniş maarifləndirmə və təbliğat işi aparmalıdırlar. Göstərilən məsələlər yerlərdəki təşkilatların fəaliyyətində prioritet olmalıdır”. Şəhid ailələrinə, müahribə əlillərinə və veteranlara dövlət tərəfindən daim qayğı və diqqət göstərildiyini qeyd edən sektor müdiri bu siyasətin bundan sonra da davam edəcəyini bildirib. O, bir daha vurğulayıb ki, şəhid ailələri və veteranlarla bağlı qeyri-hökumət təşkilatlarının da öz işini genişləndirməsi, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurması zəruridir.
Tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev çıxışında dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edib. Müzəffər Ali Baş Komandan olaraq onun və şanlı Ordumuzun hərbi şücaəti nəticəsində qazanılan möhtəşəm Qələbədən və işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən sürətli abadlıq və quruculuq işlərindən söz açıb. Tezliklə Böyük Qayıdışın tam şəkildə reallaşacağına əmin olduğunu bildirib. Eldar müəllim, həmçinin, Azərbaycan milli mentalitetinə uyğun olaraq ağsaqqalların cəmiyyətdə böyük nüfuza sahib olduğunu xatırladıb, onların veteranlarla birgə fəaliyyətinin önəminə toxunub. Millət vəkili bildirib ki, həm ağsaqqallar, həm də veteranlar gənc nəslin vətənprəvərlik tərbiyəsinin gücləndirilməsi, onların fəaliyyətinin milli maraqlarımız zəminində təşkilində öz rollarını artırmalı, daha mütəşəkkil və koordinasiyalı fəaliyyət ortaya qoymalıdırlar.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova cəmiyyətin bütün təbəqlərinin dövlətə, onun Prezidentinə dəstək olmasının vacibliyini bildirib. O qeyd edib ki, bu məsələdə həm ağsaqqallar, həm də veteranlar aktiv olmalı, gənclərə yol göstəməli, onlar üçün nümunə olmalıdırlar. Fatma xanım ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə ölkədə aparılan mütərəqqi işlərdən, bütün sahələrdə davam edən nəzərəçarpan inkişaf prosesindən bəhs edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov indiki dönəmdə həm ağsaqqalların, həm də veteranların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Polkovnik qeyd edib ki, dövlətimizə, xalqımıza qarşı müxtəlif təxribatların davam etdiyi bir zamanda həm ağsaqqallar, həm də veteranlar koordinasiyalı fəaliyyət ortaya qoymalı, cəmiyyəti milli maraqlarımızın müdafiəsinə səfərbər etməlidirlər. O, çıxışının sonunda Forumun keçirilməsinə verdiyi dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə öz təşəkkürünü bildirib.
Azərbaycan Ağsaqqallar Şurasının müavini, millət vəkili, professor Eldar İbrahimov da ağsaqqallarla veteranların birgə fəaliyyətinin önəmindən bəhs edərək Şuranın son dövrlərdə daha çox canlanan fəaliyyətindən söz açıb. Vurğulayıb ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarında hesabat konfransları keçirilir. Bu konfransların keçirilməsində məqsəd görülən işlərlə tanış olmaq, çatışmazlıqları nəzərə alaraq gələcək fəaliyyət planlarını nəzərdən keçirmək və aktual problemlərin həllində yaxından iştirak etməkdir. O, Şuranın nümayəndə heyətinin Türkiyədə və Türkmənistanda işgüzar səfərlərdə olduğunu bildirərək Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımla, Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə çox səmərəli görüşlərin keçirildiyini qeyd edib.
Forumda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, sabiq təhsil naziri Misir Mərdanov, Respublika Veteranlar Təşkilatının Lənkəran rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Abşeron Rayon Təşkilatının sədri Qabil Qocayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Şuşa Şəhər Təşkilatının sədri Ağalar Əliyev, Qarabağ qazisi Rey Kərimoğlu və başqaları çıxış edərək ağsaqqalların və veteranların əməkdaşlıq Forumunun önəminə toxunublar, hər zaman olduğu kimi bundan sonra da dövlətə, cənab Prezidentinə dəstək verəcəklərini vurğulayıblar.
Tədbirin sonunda  hərbi vətənpərvərlik mahnılarının sevilən ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı  vətənpərvərlik mövzusunda mahnılar ifa edib.

 

Leave a Reply

Your email address will not be published.