Xəbərlər

Abşeron Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Ağsaqqallar Şurasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

İclasda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eyni zamanda, ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayıblar.

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində qazandığı möhtəşəm Zəfərdən danışılıb, torpaqlarımızın işğaldan azad edilməsində Abşerondan olan oğulların da böyük qəhrəmanlıqlar göstərdikləri qeyd edilib. Bildirilib ki, belə mərd oğulların yetişdirilməsində ağsaqqalların da əməyi danılmazdır.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, deputat Eldar İbrahimov Şura haqqında, yerli təşkilatların tərkibi, əsasnaməsi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək bütün dünyaya Azərbaycanın qüdrətini göstərdi. Otuz illik münaqişəyə 44 gün ərzində son qoyulduğunu, düşmən üzərində qazanılan böyük Qələbənin hərb salnaməsinə qızıl hərflərlə həkk olunduğunu qeyd edən Eldar İbrahimov vurğulayıb ki, bu uğur, bu nailiyyət, bu tarixi hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin adı ilə bağlıdır. O, daha sonra bildirib ki, davam edən koronavirus pandemiyasına və bundan irəli gələn müəyyən çətinliklərə baxmayaraq, dövlətimizin başçısının rəhbərliyi ilə bu gün Azərbaycan yeni tərəqqi mərhələsinə qədəm qoyub.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi, ölkəmizdə davam edən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Belə ki, ölkəmizdə ağsaqqalların fəaliyyəti genişlənir və nüfuzu gündən-günə artır.

Sonra təşkilati məsələlər müzakirə olunub.

Abşeron Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Nadir Ağayev yenidən Şuranın sədri seçilib. Konfransda, həmçinin rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Leave a Reply

Your email address will not be published.