Xəbərlər

Ağsaqqallar Şurasının Biləsuvar və Salyan rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin şəhər və rayonlarında tədbirlərini davam etdirir. May ayının 6-da Şuranın sədr müavini, professor Elmira Süleymanovanın iştirakı ilə Biləsuvar və Salyan rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib.

Ağsaqqallar Şurasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla məhdud tərkibdə keçirilən tədbirlərdə ağsaqqallarla yanaşı, rayon icra hakimiyyətlərinin rəhbərləri də iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Konfranslarda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Biləsuvar və Salyan ağsaqqalları ilə görüşməsindən çox şad olduğunu bildirib, Şura sədrinin salamlarını onlara çatdırıb.

Elmira Süleymanova böyük qürur hissi ilə qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun apardığı 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın tam təslim olması ilə nəticələnib. Əzəli və əbədi torpaqlarımız 30 illik erməni işğalından azad edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bildirilib ki, şanlı Ordumuzun zəfər yürüşü, düşmənin bütün torpaqlarımızdan qovulması, Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi yaşadığımız bütün bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə olub. Savaş meydanında qazanılan bu tarixi Qələbənin ardınca Azərbaycanı daha firavan həyat gözləyir. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri barədə fikirlərini bölüşən Elmira Süleymanova qeyd edib ki, onların Biləsuvar və Salyan rayonlarına gəlməkdə əsas məqsədləri Şuranın rayon təşkilatlarına sədr, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası seçkilərində iştirak etməkdir. Çox sevindirici haldır ki, hazırda Respublika Ağsaqqallar Şurası daha aktiv fəaliyyət göstərərək, cəmiyyətimizin və dövlətimizin inkişafında layiqli rol oynayır.

Konfranslarda çıxış edən Biləsuvar və Salyan Rayon İcra hakimiyyətlərinin başçıları bildiriblər ki, ağsaqqallar ölkəmizin ictimai-mədəni həyatında həmişə mühüm rol oynayıblar və Azərbaycanda “ağsaqqal” sözü hər zaman böyük məna daşıyıb, xüsusi əhəmiyyət kəsb edib. Qeyd edilib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyəti danılmazdır. Həmçinin rayonların sosial-iqtisadi inkişafında da ağsaqqalların böyük əməyi var.

Daha sonra təşkilati məsələlər müzakirə olunub, yeni əsasnamələr qəbul edilib. Əli Babayev Biləsuvar Rayon Ağsaqqallar Şurasının, Beydulla İmanov isə Salyan Rayon Ağsaqqallar Şurasının sədri seçiliblər. Həmçinin hər iki rayon təşkilatının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Sonda yeni seçilmiş sədrlər, İdarə Heyətlərinin və Təftiş Komissiyalarının üzvləri onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını ifadə edib, bu etimadı doğrultmaq üçün potensiallarından maksimum şəkildə istifadə edəcəklərini bildiriblər.

Leave a Reply

Your email address will not be published.