Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası ilə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin başçılıq etdiyi nümayəndə heyətinin Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının Sədr müavini Binəli Yıldırımın dəvəti ilə Türkiyədə işgüzar səfəri davam edir.

Dekabrın 16-da Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım TDT-nin qarşısında duran vəzifələrdən danışıb. Sabiq Baş nazir əminliklə bildirib ki, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurası türk dünyasının birliyi və həmrəyliyi istiqamətində mühüm addımlar atacaq.

Yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən professor Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindən danışıb, Türkiyə başda olmaqla, türk dövlətlərinin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətinin qurulmasını yüksək dəyərləndirib. Əminliklə bildirib ki, Binəli Yıldırımın müdrik rəhbərliyi ilə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurası yaxın zamanlarda nümunəvi struktura çevriləcək.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının heyəti ilə bərabər, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev, Azərbaycan Milli Məclisin deputatı Məlahət İbrahimqızı və “MediaTürk TV”nin rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı da iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Ağsaqqallar Şurası sədrinin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, sədr müavini, deputat Eldar İbrahimov, Şuranın İdarə Heyətinin üzvü, deputat Ağalar Vəliyev və təşkilatın Aparat rəhbəri Ramin Həsənli daxildir.

Leave a Reply

Your email address will not be published.