Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası nəcib və xeyirxah əməllərini davam etdirir

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü ilə Şura növbəti xeyirxahlıq missiyasına start verib. Belə ki, dünya müsəlmanlarının müqəddəs bayramı olan Qurban bayramı münasibətilə təşkilat tərəfindən Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrində şəhidlərin ailə üzvlərinə, qazilərə və aztəminatlı ailələrə qurban paylarının çatdırılmasına başlanılıb.
Bu qəsəbələrdə yaşayan ailələrə baş çəkərək qurban paylarını təqdim edən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, habelə qurumun digər rəsmi şəxsləri Rafiq Rzayev və Elşad Quliyev Şura rəhbərliyi adından onları Qurban bayramı münasibətilə təbrik edərək bundan sonra da şəhid ailələrinə, qazilərimizə və aztəminatlı ailələrə qayğı göstəriləcəyini qeyd ediblər.
Onlara göstərilən bu diqqəti məmnunluqla qarşılayaraq öz təşəkkürlərini bildirən sakinlər dövlət səviyyəsində hər zaman böyük qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Ümumilikdə 2500-yə yaxın ailə üçün nəzərdə tutulmuş bu aksiya Qurban bayramı günlərində – iyul ayının 9-da və 10-da həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda şəhidlərin ailə üzvlərinə, qazilərə və aztəminatlı ailələrə baş çəkərək onlara Şuranın adından yardım payları, sovqatlar təqdim edirlər. Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü ilə həyata keçirilən bu nəcib əməllər ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, qazilər və aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.

Leave a Reply

Your email address will not be published.