Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarix xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir.
Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasında 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev söyləyib.
Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında danışan Eldar Quliyev qeyd edib ki, milli qurtuluş ideologiyasının təntənəsi hər zaman müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verib, dünyada Azərbaycanın nüfuzunun daha artırılmasında əsas faktora çevrilib: “Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilməyə başladı. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı”.
Eldar Quliyev əlavə edib ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Azərbaycan Ağsaqqallar Şurasının sədrinin müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov çıxış edərək Milli Qurtuluş Gününün tarixi və ölkəmizin inkişafındakı əhəmiyyəti barədə danışıb. Natiq qurtuluşa gedən yolun çox çətin olduğunu qeyd edərək deyib ki, o dövrdə Azərbaycanda yarıtmaz, ancaq öz mənfəətini düşünən insanlar hakimiyyətdə idilər. Belə bir dövrdə ulu öndər Heydər Əliyevin ətrafında toplaşan, öz xalqının mənafeyini hər şeydən üstün tutan insanlar bilirdilər ki, yeni bir siyasi partiyanın yaradılmasına ehtiyac var. Bu partiya Yeni Azərbaycan Partiyası oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürərək xalqımızın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ölkədə siyasi sabitlik yaratdı. Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın geosiyasi imkanlarından istifadə edərək müstəqilliyini qoruyub saxlamağa, ölkəmizi sürətli inkişaf yoluna çıxarmağa, xalqımızın milli mənəvi sərvətlərinə sahib çıxmasına, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid məfkurə ətrafında birləşdirilməsinə nail oldu. Məhz Ulu Öndərin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalandığını bildirən Eldar İbrahimov deyib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin başladığı enerji, nəqliyyat layihələrini uğurla davam və inkişaf etdirir. Bu gün aparılan düzgün iqtisadi siyasət nəticəsində həm vətəndaşlarımız firavan həyat sürür, həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır.
Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini deyən Eldar İbrahimov söyləyib ki, qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Deputat diqqətə çatdırıb ki, ötən illərdə Ümummilli Liderin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü dövlətə çevrilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf edib. Eldar İbrahimov qeyd edib ki, gənclərimiz Milli Qurtuluş Gününün əhəmiyyətini, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini dərindən öyrənməli, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi və ölkəmizin sürətli inkişafını təmin edən dövlət siyasətinə sadiq qalaraq, Azərbaycanın tərəqqisinə mühüm töhfə verməlidirlər.
Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov vurğulayıb ki, XX əsrin sonlarında, xüsusilə SSRİ-nin dağılması ərəfəsində və müstəqilliyimizin ilk illərində xalqımızın başına açılan müsibətlərin səbəbi məhz milli rəhbərin olmaması idi. Hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan Ümummilli Lider xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevindirici haldır ki, Ulu Öndərin əsasını qoyduğu ideyalar bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi ilə xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.
Azərbaycan Ağsaqqallar Şurasının sədrinin müavini, professor Elmira Süleymanova, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – professor Kamran İmanov və professor Misir Mərdanov, habelə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını vurğulayıb, bu günün Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı olduğunu diqqətə çatdırıblar.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – professor Vahid Novruzov, Bayram Yusifov, Tahir Süleymanov, AMEA-nın prezidenti vəzifəsini icra edən, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik Arif Həşimov, təşkilatın aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi – hüquqşünası Kamal Əliyev, məsləhətçisi Zahid Abbasov və Şuranın rayon təşkilatlarının sədrləri iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
- 13-06-2022
- [17:00]
- [ ]
13
Jun