Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasında “Nəsillərin dialoqu” adlı görüş keçirilib

Fevralın 11-də Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü ilə gənclərlə “Nəsillərin dialoqu” adlı görüş keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev ulu öndər Heydər Əliyevin gənc nəslə göstərdiyi yüksək diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandanla rəşadətli Ordumuzun və xalqımızın birliyi sayəsində Vətən müharibəsində möhtəşəm Zəfər qazanılıb. İkinci Qarabağ müharibəsində igidlik göstərib tarix yazan, möhtəşəm Qələbə qazanan mərd övladlarımız respublikamızda aparılan uğurlu gənclər siyasətinin bariz təcəssümüdür. Gənclərimizi milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda yetişdirməyin vacib olduğunu diqqətə çatdıran Şura sədri bildirib ki, xüsusilə gənc nəsli sosial şəbəkələrdəki mənfi təsirlərdən qorumaq üçün ağsaqqalların fəaliyyətini daha da gücləndirmək lazımdır. Tədris müəssisələrində baş verən mənfi hallara, gənc nəslin alkoqolizmə, narkomaniyaya, siqaret və digər zərərli vərdişlərə aludəçiliyinə qarşı maarifləndirici tədbirlərin artırılmasının, sağlam həyat tərzinin təbliğ olunmasının, bu sahədə Təhsil Nazirliyi, gənclər təşkilatları və digər aidiyyəti qurumlarla sıx əməkdaşlığın həyata keçirilməsinin vacibliyindən bəhs edilib.

Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov çıxışında bildirib ki, bu gün Azərbaycan gənclərinin ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmizdə gənclər siyasətinin artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, etnik-dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin hər bir vətəndaşının torpaqlarımız üçün sahiblik və məsuliyyət hissi ilə yaşaması milli və vətəndaş həmrəyliyinin göstəricisidir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində bu güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova ümummilli lider Heydər Əliyevin gənclərə olan diqqət və qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini deyib. E.Süleymanova 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbədən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib. Bildirilib ki, Azərbaycan gəncləri döyüşlərdə böyük qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstərərək düşmən üzərində Zəfər qazanıb, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib. Döyüşlərdə iştirak edən hər bir gənc Prezidentin sərəncamları ilə müxtəlif orden və medallara layiq görülüb.

Ağsaqqallar Şurasının sədr müavinləri Bayram Yusifov, Vahid Novruzov, İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə və digərləri gənclərin ölkəmizdə bir çox sahədə mühüm yer tutduğunu bildiriblər. Qeyd edilib ki, Ulu Öndərin ölkəmizdə əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində tarix yazan igidlərimiz bu siyasətin bariz nümunəsidir.

Görüşdə, eyni zamanda, gənclərin sağlam həyat tərzi keçirməsinin vacibliyindən danışılıb, zərərli vərdişlərin insan həyatını uçuruma apardığı bildirilib.

Çıxış edən Prezident mükafatçıları Coşqun Hidayətov, Emiliya Bayramova, həmçinin fəal gənclər Ülviyyə Axundova və digərləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, üzərilərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıblar.

Daha sonra tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb. Sonda xatirə şəkli çəkilib, gənclərə hədiyyələr təqdim edilib.

Leave a Reply

Your email address will not be published.