Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Ağsu və İsmayıllı rayon təşkilatlarında illik hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin şəhər və rayonlarında illik hesabat konfransları keçirir. Növbəti konfranslar Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimovun iştirakı ilə may ayının 25-də Ağsu və İsmayıllı rayonlarında baş tutub. Tədbirlərdə hər iki rayonun İcra Hakimiyyətinin başçıları Rövşən Bağırov və Nahid Bağırov, həmçinin millət vəkilləri Tahir Kərimli, Novruzəli Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, o cümlədən rayon ağsaqalları, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.
Ağsu və İsmayıllı rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Konfranslarda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş nitqi ilə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov qonaqları və tədbir iştirakçılarını salamlayaraq respublikamızın son illər ərzində əldə etdiyi uğurlardan, qazanılmış nailiyyətlərdən, ağsaqqallara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıblar.
Daha sonra Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin Abdullayev və İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov yerli təşkilatların illik hesabatını konfrans iştirakçılarının diqqətinə çatdıraraq, rayon ağsaqqalları adından onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Konfranslarda çıxış edən Eldar İbrahimov ilk öncə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamalarını tədbir iştirakçılarına çatdırıb. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsindəki rolundan bəhs edərək, ağsaqqallarımız tərəfindən Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ edilməsi işinin geniş şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov ölkə Prеzidеnti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, onun müvafiq fərman, sərəncam və göstərişlərindən irəli gələn öhdəliklərin həyata keçirilməsində ağsaqqalların üzərinə düşən vəzifələrdən də danışıb. Vurğulanıb ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq və abadlıq işləri geniş miqyasda davam etdirilir. Son dövrlərdə Eldar Quliyevin rəhbərliyi ilə Azərbaycan Ağsaqqallar Şurasının həyata keçirdiyi aktiv fəaliyyətdən bəhs edən natiq özünün də iştirak etdiyi Türkiyə və Türkmənistan səfərləri barəsində məlumat verərək, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının türk dünyasının birliyi və həmrəyliyi istiqamətində mühüm addımlar atacağından əmin olduğunu bildirib. Hesabatlardan da göründüyü kimi, pandemiyanın azalması ilə əlaqədar yerli təşkilatlarda ciddi canlanmanın müşahidə edildiyini bildirən Eldar İbrahimov hər iki rayon Ağsaqallar Şurasına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Millət vəkili Tahir Kərimli və digər natiqlər öz çıxışlarında qeyd ediblər ki, Azərbaycanda ağsaqqallara xalq arasında hər zaman böyük hörmət olubdur və ulu öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi diqqət və qayğının bütün təzahürləri bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətində özünü aydın şəkildə büruzə verir. Bildirilib ki, respublikanın hər yerində olduğu kimi Ağsu və İsmayıllıda da Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə rayon ağsaqqalları yaxından iştirak edir, öz zəngin bilik və təcrübələrini əsirgəmirlər.
Rayonlara səfər çərçivəsində Eldar İbrahimov və digər qonaqlar yerli təşkilatların iş otaqları və göstərdikləri fəaliyyətlə yaxından tanış olaraq mövcud problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görüblər.

Leave a Reply

Your email address will not be published.