Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev, sədrin birinci müavini, deputat Əhliman Əmiraslanov, sədr müavinləri – deputat Eldar İbrahimov, Bayram Yusifov, Vahid Novruzov, həmçinin təşkilatın Aparat rəhbəri Ramin Həsənli və digər rəsmi şəxsləri 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gedərək ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Şuradan AZƏRTAC-a bildiriblər ki, ziyarət zamanı 20 Yanvarı Azərbaycanın müstəqillik tarixinin faciəli, eyni zamanda, ən şanlı günlərindən biri kimi dəyərləndirən Ağsaqqallar Şurasının sədri Eldar Quliyev ümummilli lider Heydər Əliyevin hadisələrdən dərhal sonra imperiyanın mərkəzində – Moskvada bu cinayətə etirazını bildirərək öz xalqı ilə həmrəylik nümayiş etdirdiyini, xalqımızın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində mühüm addımlar atdığını vurğulayıb.

Həmçinin bildirilib ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma, əzəli və əbədi torpaqlarımızı, Qarabağımızı işğaldan azad edib.

Leave a Reply

Your email address will not be published.