Xəbərlər

Dövlətə və xalqa həsr olunan ömür

Dövlətlərin və xalqların tarixində siyasi liderlərin, böyük şəxsiyyətlərin əvəzolunmaz xidmətləri var. Məhz güclü liderlərin sayəsində hər bir xalq özünün  düzgün inkişaf yolunu seçmiş, dövlətçiliyini qoruyub gücləndirmişdir. Ümummilli lider Heydər Əliyev XX əsrdə xalqımızın taleyində müstəsna rolu olan belə tarixi şəxsiyyətdir. Anadan olmasının 99-cu ildönümü ərəfəsində bir daha Ulu Öndəri ehtiramla anırıq. Aradan illər, onilliklər keçdikcə Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinin nəticələrini daha yaxından görür, mahiyyətini daha dərindən anlayırıq.

Heydər Əliyev həm sovet hakimiyyəti illərində, həm müstəqillik dövründə Azərbaycan dövləti qarşısında olduqca böyük və tarixi xidmətlər göstərmişdir. Ulu Öndərin respublikamıza ilk rəhbərliyi 1969-cu ildən başlayır. Həmin dövrü xatırlayanlar yaxşı bilirlər ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində yeniliklər baş verdi. Onda mən gənc idim, 1969-cu ildə yenicə ali məktəbə daxil olmuşdum. Cəmiyyət həyatının bütün sahələrindəki dəyişikliklər mənim də gözlərim önündə baş verirdi. “Qoy ədalət zəfər çalsın!” deyən Ulu Öndər nöqsanlara, çatışmazlıqlara qarşı barışmaz idi.

Məlum olduğu kimi, həmin illərdə Azərbaycan ittifaq miqyasında inkişafına görə çox geridə idi, müttəfiq respublikalar arasında sonuncu yerləri tuturdu. Lakin Ulu Öndərin təşəbbüsləri və tələbkarlığı ilə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatda vüsətli dəyişikliklər baş verdi. Maşınqayırma, kimya, neft-kimya, elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül sənaye, yeyinti, emal müəssisələri inşa olundu. O cümlədən bir sıra strateji əhəmiyyətli müəssisələr yaradıldı. Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olundu. Bununla həm də respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası da formalaşdırıldı. Belə ki, müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz ötən əsrin 70-80-ci illərində qoyuldu və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradıldı.

Milli kadrların yetişməsi istiqamətində də mühüm uğurlar əldə olundu. Həmin illərdə respublikamızda ali təhsil müəssisələrinin inkişafı sahəsində mühüm qərarların qəbulu ilə yanaşı, Ulu Öndərin təşəbbüsü ilə hər il 2500 nəfər azərbaycanlı gənc oxumaq üçün sovet ittifaqının ən nüfuzlu ali məktəblərinə göndərilirdilər. Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması isə azərbaycanlı zabitlərin yetişməsi üçün atılan mühüm addım idi.

Azərbaycan ötən əsrin 70-80-ci illərində Heydər Əliyevə görə tanınmağa başladı. Keçmiş ittifaqda hara getsəydin, hər kəs Heydər Əliyevin gördüyü işlərdən danışırdı. Heydər Əliyev xalqımızın nüfuzunu yüksəltmişdi, bizə yüksək ehtiramla yanaşırdılar. Onu da qeyd edim ki, Sov.İKP MK-nın Baş katibi L.Brejnev sovet respublikaları arasında yalnız Azərbaycanda dörd dəfə səfərdə olmuşdu. Bu, ilk növbədə Heydər Əliyevə olan münasibətin göstəricisi idi. O cümlədən Azərbaycan öz inkişafına görə 14 dəfə keçici bayraq almışdı.

Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi.

Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Ulu Öndərin bu vəzifəyə təyin olunması Azərbaycanın böyük uğuru idi. Təsadüfi deyil ki, hələ o dövrdə Türkiyə qəzetləri öz səhifələrində Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunması ilə bağlı xəbəri “Türk oğlu Kremldə” başlığı ilə dərc etmişdilər.

Moskvada işlədiyi dövrdə Heydər Əliyev dövlətin olduqca vacib sahələrinə məsul idi.  Heydər Əliyev olan yerdə inkişaf və yüksəliş vardı.  Rəhbərlik etdiyi bütün sahələrdə irəliyə doğru dönüş yaratmışdı. Ona görə Heydər Əliyev bütün keçmiş ittifaq miqyasında adı ehtiramla çəkilən dövlət xadimi idi. Əlbəttə, Heydər Əliyevə olan yüksək ehtiram həm də Azərbaycanın nüfuzunun yüksəlməsi demək idi. Təsadüfi deyil ki, Moskvada bizim azərbaycanlı olduğumuzu biləndə deyirdilər ki, siz Heydər Əliyevin yerlilərisiz. Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunarkən həm də Azərbaycanı dünyada tanıtdı.

Əlbəttə, Heydər Əliyev nəhəng şəxsiyyət idi, xalq onu sevirdi. Sov.İKP MK-nın baş katibi olan M.Qorbaçov isə Heydər Əliyevin böyüklüyünün qarşısında özünün cılızlığını, zəifliyini görürdü. Heydər Əliyev həm də ermənilərin Azərbaycana qarşı ərazi iddialarının qarşısını qətiyyətlə alırdı.  Nə qədər ki, Heydər Əliyev vəzifədə idi, Qorbaçov da Azərbaycana qarşı məkrli planlarını həyata keçirə bilmirdi. Ulu Öndər bu vəzifədə vacib və çətin sahələrə nəzarət etsə də, respublikamıza diqqət və qayğısını əsirgəmirdi. Yalnız Ulu Öndər 1987-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra xalqımıza qarşı ərazi iddiaları baş qaldırdı. Təəssüf ki, o dövrdə Azərbaycan rəhbərliyi bu məsələdə qətiyyətsizlik nümayiş etdirdi, erməni iddialarının, Dağlıq Qarabağdakı separatizmin qarşısının alınması üçün cəsarətli mövqe ortaya qoya bilmədi. Bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının güclənməsinə gətirib çıxardı, daha sonra 20 Yanvar faciəsi baş verdi. Həmin ağır günlərdə də Heydər Əliyev heç nədən qorxmadan, böyük cəsarətlə haqq səsini ucaltdı. Cənab İlham Əliyevlə birlikdə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, şəxsən M.Qorbaçova etirazını bildirdi.

Heydər Əliyevin əzmkarlığı, vətənpərvərliyi Azərbaycanın ovaxtkı rəhbərliyinin qısqanclığı ilə müşayiət olunurdu. Onu təqiblərə məruz qoyur, Azərbaycana qayıdışını əngəlləməyə çalışırdılar. Lakin Heydər Əliyevin 1990-cı ilin yayında Bakıya və daha sonra Naxçıvana qayıdışı respublikamızın siyasi həyatında mühüm hadisələrlə əlamətdar oldu.  1990-cı ildə Azərbaycan Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilən Heydər Əliyev bütün fəaliyyətini Azərbaycanın istiqlal mücadiləsinə və Naxçıvanın müdafiəsinə həsr etdi. O dövrdə Heydər Əliyevin Türkiyə və İranla yaratdığı münasibətlər blokada vəziyyətində yaşayan Naxçıvanın sosial-iqtisadi vəziyyətinə müsbət təsir etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə üçrəngli bayrağımız Dövlət bayrağı kimi təsbit olundu.

Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətinin ən mühüm mərhələsi isə müstəqilliyimizin ilk illərində uğurla həyata keçirdiyi xilaskarlıq missiyasıdır.  O dövrün ağrı-acıları yaxşı xatirimizdədir. Bir tərəfdən torpaqlarımız işğal olunur, bir tərəfdən separatizm baş qaldırırdı. Siyasi səriştəsizliyi ilə ölkəni uçuruma aparan hakimiyyət isə böhranların qarşısında aciz idi.

O vaxt hamı inanırdı ki, ölkəmizi düşdüyü böhranlı vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər. Belə bir vaxtda Bakıya gələn Heydər Əliyev öz xilaskarlıq missiyasını layiqincə yerinə yetirdi, ölkədə qardaş qırğınının qarşısını aldı. Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Ali Sovetin Sədri seçilməsi Ulu Öndərə olan böyük inamın bariz təsdiqi idi. İnsanlar bundan sonra rahat oldular. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan parçalana, müstəqilliyimiz itirilə bilərdi.

Xalqın səsinə səs verən Heydər Əliyevin 1993-cü ildə siyasi rəhbərliyə gəlişi Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə müstəqilliyimizin əbədi olmasını təmin etdi, müasir Azərbaycan dövlətinin banisinə çevrildi. Ümummilli lider qısa vaxt içərisində ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi. Bu baxımdan vətənimizin parçalanmaqdan xilası, müstəqil dövlətçiliyimizin yaşadılması Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında ən böyük tarixi xidmətidir. Ona görə müasir tariximizə Heydər Əliyevin adı çox düzgün olaraq müasir və müstəqil Azərbaycan dövlətinin memarı kimi həkk olunub.

Bütün bu çətinliklərə baxmayaraq Heydər Əliyev Azərbaycanın inkişafı üçün tarixi uğurlara nail oldu, “Əsrin müqaviləsi” imzalandı, bütün MDB məkanında ən mütərəqqi torpaq islahatları Azərbaycanda həyata keçirildi. Heydər Əliyev hüquqi dövlət quruculuğunu da  uğurla təmin etdi.

Fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev ikinci dəfə ölkəmizə rəhbərliyə başladıqdan sonra mənə də Ulu Öndərlə görüşmək qismət olub. Məlum olduğu kimi,  1994-cü ildə respublikanın unla təchizatında çətinliklər yaranmışdı. Həmin vaxtlar bu məsələlərlə bağlı Heydər Əliyevin yanında keçirilən toplantılarda mən bir daha Ulu Öndərin Vətən və xalq sevgisinin şahidi oldum. Üstəlik həmin toplantıların gecə saatlarına təsadüf etməsi Heydər Əliyevin enerjisini, yorulmazlığını göstərirdi. Mənim üçün olduqca qürurvericidir ki, həmin vaxt Ulu Öndərdən aldığımız tapşırıqları qısa müddətdə yerinə yetirdik və unla təchizatda olan çətinliklər tam aradan qaldırıldı.

1995-ci ildə isə Ulu Öndər Heydər Əliyevin Fransaya səfəri zamanı mən də nümayəndə heyətinin tərkibində idim. Bu səfər zamanı Fransanın ovaxtkı Prezidenti Fransua Mitteranla keçirilən görüşdə Heydər Əliyevin Azərbaycanın milli maraqlarını nə qədər qətiyyətlə müdafiə etməsinin şahidi oldum.

Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə xalqımızın intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrildi. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqımızın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi və sosial-iqtisadi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir. Bu dövrdə Azərbaycan dünyada tanındı, beynəlxalq birliyin fəal üzvü kimi yerini möhkəmləndirdi, nüfuz sahibinə çevrildi.

Heydər Əliyev siyasəti hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ötən 19 ildə Azərbaycan dövlətinin qazandığı bütün uğurların təməlində Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla həyata keçirilməsi dayanır. Prezident İlham Əliyev bu siyasəti inamla davam etdirərək Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən və qüdrətli dövlətinə çevirib.  2003-cü ildən başlayaraq görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini möhkəmləndirməsi bu həqiqətləri təsdiq edir. Ötən 19 ildə iqtisadiyyatımız 3 dəfə artıb, vətəndaşların sosial rifahı yüksəlib. Bu illərdə inşası başa çatdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “Cənub qaz dəhlizi” Azərbaycanın dünyada nüfuzunu artıran möhtəşəm infrastruktur qurğuları olaraq ölkəmizin inkişafına, xalqın sosial rifahının yüksəlməsinə xidmət edir.

Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi. Bu həm də Ulu Öndərin möhtərəm İlham Əliyevə ata vəsiyyəti idi. Prezident İlham Əliyev bu vəsiyyəti layiqincə, əsl Azərbaycan oğluna məxsus şəkildə yerinə yetirdi. İndi Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki bu qələbə ilə Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini, xalqımızın arzusunu yerinə yetirdi.

44 günlük Vətən müharibəsi günlərində xalqımız Prezident İlham Əliyevin necə bir qətiyyətli, cəsarətli lider olduğunu gördü.  Dövlət başçısının müdrikliyi, nüfuzu, xarizması nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın haqq işinə ehtiramla yanaşdı. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət İkinci Qarabağ müharibəsinin nəticələrini tam qəbul edir. Eyni zamanda bütün dünya Azərbaycanı qüdrətli və həm də güclü lideri olan dövləti kimi tanıyır.

Möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq və Heydər Əliyev ideyaları dövlətimizin yüksəlişinə xidmət edəcək. Əminik ki, gələn il Heydər Əliyevin 100 illik yubileyini daha böyük nailiyyətlərlə qarşılayacağıq.

 

 

Eldar QULİYEV 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, 

Milli Məclisin deputatı,

professor

Leave a Reply

Your email address will not be published.