İyul ayının 6-da Azərbaycan Milli Xalça Muzeyində Respublika Ağsaqqallar Şurasının sədr müavini, ilk ombudsman, professor Elmira Süleymanovanın muzeyin Şuşa filialına hədiyyə etdiyi “Lǝmpǝ” xalçasının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açaraq Elmira xanıma bu gözəl hədiyyəyə görə minnətdarlığını bildirən muzeyin direktoru Şirin Məlikova sözügedən qiymətli hədiyyənin mahiyyətindən ətraflı danışıb. Həmçinin qeyd edib ki, son dövrlər muzeyə olduqca unikal eksponatlar təqdim olunur və bütün bunlar muzeyin fondunu zənginləşdirir. Bəzən insanların öz şəxsi kolleksiyalarından da muzeyə hədiyyə etdiyini söyləyən natiq təqdim edilən hər bir eksponatın bizim üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva isə təqdimatın xüsusiliyinə diqqət çəkərək dəyərli hədiyyəyə görə Elmira xanıma həm öz adımdan, həm də mədəniyyət camiəsi adından təşəkkür edib. Bildirib ki, Qarabağ və onun mədəniyyəti bizlər üçün olduqca dəyərlidir və bu mədəni nümunələr bizim milli sərvətimizdir.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AMEA-nın Aşkarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva və digər dövlət, elm xadimləri öz çıxışlarında Elmira Süleymanovanın xalq mənafeyini öz şəxsi mənafeindən üstün tutaraq, ailəyə məxsus qiymətli “Ləmpə” xalçasını muzeyə hədiyyə etməsini nəcib xüsusiyyətlərə malik hərəkət olaraq yüksək dəyərləndiriblər.
Sonda onun ünvanına söylənən xoş sözlərə görə təşəkkürünü bildirən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, ilk ombudsman, professor Elmira Süleymanova öz sevincini ifadə edərək bildirib ki, mən çox xoşbəxtəm, çünki bu eksponat bizim mədəniyyət paytaxtı olan Şuşanın xalça muzeyini bəzəyəcək və o, təkcə Şuşanın deyil, bütün Azərbaycanın tarixini tərənnüm edəcək. Bu eksponat xalçanı gözəl duyğularla, məhəbbətlə toxuyan Azərbaycan qadınını, Azərbaycan xalqını şərəfləndirəcək və bir daha göstərəcək ki, xalqımız sülhsevər, yaradan, quran xalqdır.
Qeyd edək ki, “Ləmpə” adlanan bu xalça 1930-cu illərdə Şuşada toxunub. Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunub. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir. “Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri, professor Vahid Novruzov, Bayram Yusifov və mətbuat katibi Rafiq Rzayev də iştirak ediblər.