Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində 16 sentyabr tarixində Səmərqənddə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində iştirak etmişdir.
Sammitdəki çıxışında regional təhlükəsizlik məsələləri ilə bağlı fikirlər səsləndirən dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.
Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
İndiki vəziyyətdə bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətinə toxunan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusilə vurğulamışdır: “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”.
Tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar, göstərdiyi səylər göz önündədir. Dayanıqlı sülhün təmin olunması yeni əməkdaşlıq formatlarının yaradılması üçün əsas şərtlərdən biridir. Ümumilikdə Azərbaycan hər zaman bütün məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinə səy göstərir. Ədalətin və beynəlxalq hüququn qorunduğu mühitdə hər bir münaqişəli məsələnin ədalətli həlli mümkündür. Azərbaycan daim beynəlxalq tribunalardan bu çağırışı edir. Düşünürük ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammiti bir daha yeni dövrün yeni reallıqlarının təbliğində və qəbulunda öz sözünü deyəcək. Azərbaycanın ilk dəfə olaraq qurumun Sammitinə qonaq qismində qatılması, Prezident cənab İlham Əliyevin buradakı çıxışı bu baxımdan da diqqətçəkəndir.
Mayıl Əliyev
Nizami Rayon Ağsaqqallar Şurasının sədri