Xəbərlər

Faydalı qazıntı ehtiyatları ilə zəngin olan Qubadlı rayonu ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq

Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsindən 2 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə həmin il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Azərbaycan Ordusunun şücaəti və  peşəkarlığı nəticəsində, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər ələ keçirilib. Oktyabrın 25-də isə düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu ağır məğlubiyyətə uğradaraq geri çəkilməyə məcbur edib və Qubadlını düşməndən təmizləyib.  Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

2020-ci il 23 dekabrda Qubadlıda bayrağımızı ucaldan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş minlərlə qəhrəman hərbi qulluqçumuz “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Ermənilər işğal dövründə Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədərək meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıblar. Bundan başqa, işğalçılar Qubadlı rayonunun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurmuş, o cümlədən qanunsuz məskunlaşma aparmışdılar. Xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Hətta xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə də salınmışdı.

Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Bu şəhərin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı rayonunun azad olunması strateji baxımdan Azərbaycanın daha bir üstünlük əldə etməsinə gətirib çıxardı. Belə ki, Azərbaycan Respublikasının cənub qərbində dağlıq ərazidə yerləşən və yüksəkliklərin  mövcud olduğu Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir. Qubadlı rayonunun azad edilməsi ilə Azərbaycan Ermənistanla 120 kilometr sərhədi öz nəzarətinə almış oldu. Bu da Azərbaycan üçün çox mühüm strateji əhəmiyyət kəsb edir.

Qubadlının faydalı qazıntı ehtiyatları ilə zəngin olması onun strateji əhəmiyyətini daha da artırır. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Gələcəkdə bu cür qiymətli, faydalı qazıntı yataqlarının istismar edilməsi həm Qubadlının iqtisadiyyatında və əhalisinin işlə təminatında, həm də ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq.

 

 

 

Mayıl Əliyev   

Nizami Rayon Ağsaqqallar Şurasının sədri

Leave a Reply

Your email address will not be published.