Xəbərlər

Kəlbəcər Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Sentyabrın 30-da Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, Kəlbəcər RİH-in məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasında son illərdə millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında ciddi canlanma hiss edilir. Ağsaqqallar cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər. Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə qurduğunu vurğulayan Həbib Misirov qeyd edib ki, təşkilatda təmsil olunan bütün respublika ağsaqqalları kimi, Kəlbəcər rayonunun ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Kəlbəcərin düşmən tapdağından azad edilməsi münasibətilə kəlbəcərliləri ürəkdən təbrik edərək növbəti tədbirlərin Azərbaycanın o sazlı-sozlü cənnət guşəsində keçirilməsini arzulayıb. O, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmizdən, əsgər və zabitlərimizin şücaətindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz hərbi və siyasi istedadından bəhs edib. Vurğulayıb ki, Azərbaycanın qəhrəman övladları könüllü olaraq Vətən müharibəsində iştirak etmək üçün böyük ruh yüksəkliyi ilə səfərbəlik məntəqələrinə axışırdılar. O, Kəlbəcərin mərd oğullarının da cəbhənin ön sıralarında vuruşduqlarını bildirib.
Çıxışında ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının xalqımız üçün hər zaman böyük əhəmiyyət daşıdığını qeyd edən natiq ulu öndər Heydər Əliyevin ağsaqqallar haqqındakı tarixi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikrini bir daha xatırladıb. Bayram Yusifov daha sonra ağsaqqalların səmərəli fəaliyyətindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, həmçinin onlara göstərilən dövlət qayğısından da danışaraq, bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Həmçinin gənclərimizin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu, onların üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb.
Sonra təşkilati məsələlər müzakirə olunub. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Ziyalı, şair-publisist, el ağsaqqalı Vəliyəddin İsmayılov Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb.
Konfransda rayon ağsaqqalları, ziyalılar və digər natiqlər də çıxış edərək yeni seçilmiş sədrə və heyətə uğurlar arzulayıblar, onların ölkəmizin, o cümlədən rayonun ictimai-mədəni həyatında yaxından iştirak edərək səmərəli fəaliyyət göstərəcəklərinə əmin olduqlarını vurğulayıblar. Belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.
Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Vəliyəddin İsmayılov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransdan sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Ağsaqqallar Şurasının rəsmi şəxslərini və rayon ağsaqqallarını qəbul edib. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə əməl etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, onların tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib.

Leave a Reply

Your email address will not be published.