İyun ayının 10-da Kürdəmirdə Rayon Ağsaqqallar Şurasının son birillik fəaliyyəti ilə bağlı hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının müavini Ağalı Kərimli, rayon ağsaqqalları, şəhid valideynləri, qazilər, o cümlədən rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanovu və bütün tədbir iştirakçılarını salamlayaraq, ağsaqqalların rayonun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan bəhs edib. Qeyd edib ki, Kürdəmir rayonunun ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyərək, gənclərin Vətənə, dövlətə və xalqa bağlılğı istiqamətində üzərlərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirirlər.
Sonra Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədr müavini Ayyət Nəsirovun təşkilatın son bir illik fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib. Məruzədə deyilib ki, Rayon Ağsaqqallar Şurası ötən hesabat dövründə fəaliyyətlərini İllik İş planına uyğun şəkildə quraraq dövlətimizin uğurlu siyasətini əhali arasında təbliğ edib, milli-mənəvi dəyərlərin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və digər vacib məsələlərə xüsusi diqqət yetirib. Hesabat dövründə keçirilmiş yığıncaqlardan, həmçinin şəhid ailələri və qazilərlə təşkil olunan görüşlərdən bəhs edilib. Vurğulanıb ki, təşkiltın fəaliyyətinə rayon rəhbərliyi tərəfindən hər cür şərait və dəstək təmin olunub.
Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdırdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən və hazırda işğaldan azad olunmuş torpaqlarımızda gedən genişmiqyaslı abadlıq-quruculuq işlərindən bəhs edib. Ağsaqqalların ölkəmizin hər bir regionunda böyük nüfuz sahibləri olmasından da danışan Əhliman Əmiraslanov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin böyük qiymət verdiyi və “Milli-mənəvi dəyərlərimizin qızıl fondu” hesab etdiyi ağsaqqallara dövlət başçısı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yüksək qayğı və diqqətlə yanaşır, onların və ümumiyyətlə bütün ahıl insanların, şəhid ailələrinin və qazilərin hüquqlarının və ehtiyaclarının təmin edilməsi hər zaman prioritet məsələ olaraq öz həllini tapır. Rayon təşkilatının hesabatını qənaətbəxş hesab edən Əhliman müəllim gələcək fəaliyyətində onlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən digər natiqlər ağsaqqallara, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar. Gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq, sağlam əsaslar üzərində tərbiyəsi işinə və onları daim dəstəkləməyə yönəlmiş ağsaqqalların fəaliyyətinin vacibliyini vurğulayıblar.