Xəbərlər

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması beynəlxalq hüququn, ədalətin bərpasıdır

Azərbaycanın şanlı Qələbəsi ilə yekunlaşan Vətən müharibəsi siyasi, diplomatik müstəvidə uğurla davam edir. Respublikamız addım-addım öz mühüm vəzifəsinə doğru inamla irəliləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı, Azərbaycan Ordusunun rəşadəti sayəsində bu gün artıq Laçın şəhərindəyik, Zabux və Sus kəndlərindəyik. Dövlətimiz istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ və Şərqi Zəngəzur əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar deyil, məhz ermənilər bu torpağa gəlmədirlər.

Azərbaycanın əsas hədəfi regionda sülhün qorunub saxlanılması, ölkəmizin suverenliyinin tam bərpası, beynəlxalq təşkilatların qəbul etdiyi ümumbəşəri sənədlərin icrası və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses isə,  öz növbəsində, Azərbaycanla yanaşı, regionun sosial-iqtisadi rifahına, sülhə və təhlükəsizliyə birbaşa təsir göstərəcək. Azərbaycan həm də məsuliyyətli, ləyaqətli dövlət olduğunu bütün dünyaya sübut etdi. Belə bir güclü Azərbaycanla dünya ölkələri, beynəlxalq təşkilatlar da əməkdaşlıq etməyə hazırdırlar.

Vətən müharibəsinin yekunlaşmasından keçən qısa müddətdə bu qədər avtomobil və dəmir yollarının, körpülərin, tunellərin çəkilməsi, sosial infrastrukturun qurulması, kəndlərin, şəhərlərin salınması, tarixi-dini irsimizin yenidən bərpa edilməsi, beynəlxalq hava limanlarının tikilməsi… bütün bunlar Azərbaycanın iqtisadi potensialından, xalqımızın qurub-yaratmaq əzmindən xəbər verir.

Ölkəmiz 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına uyğun şəkildə  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bəyanatın şərtlərinə uyğun olaraq Laçını tərk edən ermənilər ölkəmizin onlar üçün yaratdığı şəraitdən, göstərdiyi humanizmdən sui-istifadə edərək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi Laçında da təkrarladılar. Evlərə, meşələrə od vuran ermənilər faşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirdilər. Ermənilərin Azərbaycanın əzəli torpaqlarını tərk edən zaman törətdikləri vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynayır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda azərbaycanlılara məxsus tarixi coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan gətirilmiş ermənilərin məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni işlər görüblər. Onların torpaqlarımızı boşaldarkən törətdikləri cinayətlərə dünyanın susmasını artıq Azərbaycan ictimaiyyəti təəccüblə qarşılamır. Çünki ötən dövrdə biz bəzi dünya gücləri tərəfindən tətbiq edilən ikili siyasətin acı nəticələrini yaşamışıq. Lakin bütün hallarda Azərbaycan otuz il əvvəlki Azərbaycan olmadığını ədalətin və beynəlxalq hüququn fonunda həm döyüş meydanında, həm də informasiya cəbhəsində ermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırdı. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin bərpasıdır.

Bu gün ölkəmizin iqtisadi, siyasi üstünlüyü, dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyəti, iradəsi açıq-aydın görünür. Azərbaycan Prezidenti elə bir müdrik və mükəmməl siyasət həyata keçirir ki, qarşı tərəf nə qədər əngəl, maneə yaratmaq istəsə də heç nəyə nail ola bilmir və bilməyəcək. Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaq. Ermənistan tərəfinin bütün razılaşma və öhdəliklərdən boyun qaçırmasına və hər cür maneələr yaratmasına baxmayaraq, Azərbaycan tərəfi növbəti dəfə konstruktivlik nümayiş etdirərək, yerli erməni əhalinin xahişini nəzərə alaraq, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4,7 kilometrlik müvəqqəti yolun istifadə olunmasına razılıq verib.

Cənubi Qafqazdakı son hadisələr Azərbaycan Respublikasının qalib olduğunu və bölgədə artıq yeni reallıqların mövcudluğunu bir daha açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməlidir. Beləliklə, sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.

 

 

Tahir Süleymanov

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini

Leave a Reply

Your email address will not be published.