Xəbərlər

MASALLI RAYON AĞSAQQALLAR ŞURASININ XƏBƏRLƏRİ

Masallı Rayon Ağsaqqallar Şurası fəaliyyətini daha da genişləndirir

Rayon Ağsaqqallar Şurası öz gündəlik fəaliyyətində Respublika Ağsaqqallar Şurasının 29 sentyabr 2020-ci il tarixində keçirilən VIII Qurultayının qərarlarına və rayon təşkilatının 15 aprel 2021-ci il tarixli konfransının tədbirlər planına uyğun olaraq gündəlik fəaliyyətini daha da genişləndirməyə çalışır. Vətən müharibəsində qazanılmış Qələbədən sonra, habelə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində rayonda vaskinasiya və digər məqsədəuyğun işlərin aparılması sahəsində ağsaqqallar təbliğat və maarifləndirmə işlərində fəal iştirak edirlər. Son ayda İdarə Heyətinin təşəbbüsü və himayəsi ilə Vətən müharibəsi şəhidi Sübhan Rauf oğlu Həsənovun ad gününün keçirilməsi yüksək səviyyədə təşkil edilmişdir. Təkcə bu il rayonda ağsaqqal yazarların Qarabağ savaşlarına və Qələbəmizə həsr edilən 10-dan çox kitabı nəşr edilib və 50-ə yaxın böyük həcmli məqalə KİV-də işıqlandırılıb. Bu yaxınlarda Şuranın köməyilə Masallı şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış massivində qurulmuş sadə idman komleksindəki futbol meydançasında bəzi təmir işləri həyata keçirilib, müəyyən idman invertarları uşaqlara hədiyyə edilib.

Masallıda şəhid Sübhan Həsənovun doğum günü

Masallı Rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə şəhid əsgər Sübhan Həsənovun doğum günü qeyd edilib. Mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilən mərasimdə rayonun bir qrup ağsaqqal və ziyalısı, şəhidin doğmaları iştirak edib. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyublar. Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev Sübhan Həsənovun qısa və şərəfli ömür yolundan danışıb, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd edib. “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin rayon filialının sədri Nahid Rəhimov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Vətən müharibəsi iştirakçısı Cavid Nuri və başqaları Sübhanın Vətənə sədaqətindən, Masallı övladlarının torpaqlarımızın azad edilməsi uğrundakı döyüşlərə necə ürəklə yollanmalarından söhbət açıblar, onun kimi qəhrəman oğullarımızın and yerimizə, ziyarət məkanımıza çevrildiyiini, şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Şəhidin atası Rauf Həsənov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıq edib, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Masallıda Ağsaqqallar Şurasının növbəti iclası keçirilib

Avqustun 28-də Masallı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Heydər Əliyev Parkındakı “Ağsaqqallar klubu”nda pandemiya qaydalarına riayət olunmaqla keçiriliən tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli, dövlət qulluğu veteranı, yazıçı-publisist Ələşrəf Niftiyev iclasın gündəliyi barədə açıqlama verib. Sonra rayonda şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə diqqət və qayğının göstərilməsi, Vətən müharibəsində qazanılan Zəfərimizlə bağlı maarifləndirmə tədbirlərində ağsaqqalların iştirakı barədə Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, iki şəhid – Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərli və Vətən müharibəsi qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba xanım Əsgərovanın çıxışı dinlənilib. İclasda yeni Əsasnaməyə uyğun olaraq Rayon Ağsaqqallar Şurasının üzvlüyünə qəbul aparılıb. Şuranın və fəallarının son illərdə qazandığı qabaqcıl təcrübəni daha da genişləndirmək, KİV və sosial şəbəkələrdə bu işlərin işıqlandırılmasına əməli kömək məqsədilə qrup yaradılıb. Müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflər səsləndirilib. İclası yekunlaşdıran Şura sədri Ə. Niftiyev gələcək tədbirlər barədə məlumat verib. XTQ-nin baş giziri, “Azərbaycan Bayrağı” ordenli Seymur Aslanovun atası Sucəddin Aslanova Təşəkkürnamə təqdim edilib.

Masallının Xıl kəndində Ağsaqqallar evi tikilib

Masallı rayonunun Xıl kəndində Ağsaqqallar evi tikilib istifadəyə verilmişdir. Burada ağsaqqaların  istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu xeyriyyəçiliyə kəndin imkanlı şəxsləri və bələdiyyəsi imza atıb. Ağsaqqallar evinin qarşısında yaradılan Şəhidlər bulağı da sakinlərin arzusu ilə ərsəyə gəlib. Buradakı lövhədə Milli Qəhrəman Elşad Hüseynovun, Vətən müharibəsi şəhidi Elgün Mikayıllının portretləri asılıb. Odur ki, bulaq  hər gün yüzlərlə Xıllının ziyarətgahına çevrilib.

Leave a Reply

Your email address will not be published.