Xəbərlər

Naftalan və Yevlax şəhərlərində Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının hesabat konfransları keçirilib

Xəbər verdiyimiz kimi, şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfransları keçirilir.
Növbəti konfranslar iyun ayının 10-da Naftalan və Yevlax şəhərlərində təşkil olunub.
Bu toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, rayon ağsaqalları, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Naftalan və Yevlax şəhərlərinin İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq, Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevə bu cür əhəmiyyətli tədbirlər keçirdiyi üçün öz minnətdarlıqlarını çatdırmağı xahiş ediblər. Sonra natiqlər ümummilli lider Heydər Əliyevin mükəmməl daxili və xarici siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə ölkəmizdə gedən tərəqqi prosesindən, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, həmçinin ağsaqqalların cəmiyyətimizdəki əhəmiyyətli rolundan danışıblar. Qeyd ediblər ki, Naftalan və Yevlaxda da ağsaqqallar öz aktiv fəaliyyətləri ilə seçilirlər.
Sonra Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlovun və Yevlax Şəhər Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlovun yerli təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat məruzələri dinlənilib. İl ərzində keçirilmiş toplantılarda, xüsusilə şəhidlərimizə həsr edilmiş anım tədbirlərində, qazilərlə görüşlərdə yaxından iştirak etdiklərini, onlara mənəvi dəstək olduqlarını, əhali ilə, əsasən də gənclərlə mütəmadi olaraq maarifləndirici işlər apardıqlarını qeyd edən sədrlər koronovirus pandemiyası, demək olar ki, aradan qalxdığı üçün növbəti hesabat ilində işlərini daha səmərəli quracaqlarını bildiriblər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb və yerli təşkilatların hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş hesab edib.
O, hər bir kəsi qarşıdan gələn 15 İyun – Qurtuluş Günü münasibətilə təbrik edərək, xalqımızın təkidli dəvəti ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəmizin taleyini tənəzzüldən tərəqqiyə dəyişdiyini vurğulayıb. Əsası Ulu Öndər tərəfindən qoyulan bu sosial-iqtisadi tərəqqi strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın inkişafı yolunda mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib. Daha sonra 44 günlük Vətən müharibəsində qazanılmış böyük Qələbədən bəhs edən Vahid müəllim həmişə bizi dəstəkləyən qardaş Türkiyə ilə bağlanan Şuşa Bəyannaməsinin, həmçinin mühüm Moskva Bəyannaməsinin əhəmiyyətindən söz açıb, qonşu İran İslam Respublikası ilə reallaşırılan perspektivli layihələrdən, razılaşmalardan danışıb. Qeyd edib ki, ABŞ-la Azərbaycan arasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar Prezident Cozef Baydenin dövlətimizin başçısına göndərdiyi məktub respublikamızın regionda vacib, əhəmiyyətli, güclü ölkə olmasının daha bir sübutudur. Ulu öndər Heydər Əliyevin ağsaqqalları “milli-nənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığını və onlara böyük dəyər verdiyini xatırladan Vahid müəllim bu qayğı və diqqətin hal-hazırda dövlətimiz tərəfindən davam etdirildiyini bildirib. O, hər iki rayonun ağsaqqallarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər Azərbaycanın ictimai-mədəni həyatında ağsaqqalların gördükləri dəyərli işlərdən bəhs ediblər. Ölkəmizin hər bir bölgəsində ağsaqqallara göstərilən yüksək etimada və qayğıya, o cümlədən belə mühüm tədbirlərin keçirilməsinə görə öz təşəkkürlərini bildiriblər.

 

 

 

Leave a Reply

Your email address will not be published.