Zakir Cəlal oğlu Nazıyev 26 oktyabr 1949-cu ildə Gürcüstan Respublikası Marneuli rayonunun Bəylər kəndində anadan olmuşdur. 1956-cı ildə Bəylər kənd ibtidai məktəbinə getmiş, sonradan təhsilini Marneuli 1 №-li şəhər orta məktəbində davam etdirmişdir. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirən Zakir Nazıyev elə həmin il D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur. 1970-ci ildə universiteti “Əmtəəşünaslıq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib təyinatla Ticarət Nazirliyinin nəzdində “Azərbkurort-ticarət”in Xaçmaz şöbəsinə göndərilmişdir. 1970-1973-cü illərdə bu təşkilatda ixtisası üzrə işlədikdən sonra keçmiş Xaçmaz Rayon Partiya Komitəsinin təqdimatı əsasında Azərittifaqın İdarə Heyəti tərəfindən Xaçmaz Rayon Kooperativ Cəmiyyətinə Ticarət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1976-cı ildən Azərittifaqın Mərkəzi aparatında işə başlayaraq 2014-cü ilə qədər bu təşkilatda Baş mütəxəssis, Baş İdarə rəisinin müavini, Kadr və təşkilat işi idarəsinin rəisi, İdarə Heyəti Aparatının rəhbəri vəzifələrində işləmişdir. 2000-2014-cü illərdə İdarə Heyətinin üzvü olmuşdur. Hal-hazırda Azərittifaq Şurasının üzvüdür.
2014-cü ilin yanvar ayında Azərittifaqın sərəncamı ilə Azərbaycan Kooperasiya Universitetinin yeni yaradılan Daxili Nəzarət Xidmətinin rəisi vəzifəsinə təyin olmuşdur. Hazırda İnsan resursları və daxili nəzarət şöbəsinin rəisi vəzifəsində çalışır. Zakir Nazıyev Azərbaycan Ağsaqqallar Şurasının 29 sentyabr 2020-ci il tarixində keçirilən növbədənkənar VIII Qurultayında Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə seçilmişdir.