Xəbərlər

Neftçala Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

9 iyun 2022-ci ildə Neftçala Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı Mirhəsən Seyidov, rayonun Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, qazilər və rayon ziyalıları iştirak ediblər.
Konfransdan əvvəl tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini və “Şəhidlər” abidə-kompleksini ziyarət ediblər, önünə gül dəstələri düzərək ruhlarına dualar oxuyublar.
Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı açıq elan edən Neftçala Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev bir il müddətində ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı rolundan, onların gənc nəslin təlim-tərbiyəsində, sağlam inkişafında həyata keçirdikləri nümunəvi xidmətlərdən geniş söhbət açıb, bütün dünyada olduğu kimi, ölkəmizdə də mövcud koronavirus pandemiyası ilə mübarizədə aparılan maarifləndirmə işlərində ağsaqqalların üzərinə müəyyən vəzifələrin düşdüyünü bildirib. Keçirilmiş tədbirlərdən, görülmüş işlərdən danışan, təşkilatın fəaliyyətinin əhatəli olduğunu qeyd edən sədr vurğulayıb ki, Rayon Ağsaqqallar Şurasının üzvləri hər zaman öz sözləri, əməlləri ilə cəmiyyətin aparıcı düşüncə tərzinin ifadəçisi olublar.
Sonra Əbülfəz Ağayev çıxış üçün sözü Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova verib. Rayonun rəhbəri ağsaqqalların həyat təcrübəsindən, bu təcrübənin dövlətçilik tariximizdə və gündəlik həyatımızda daşıdığı önəmdən, əvəzsiz əhəmiyyətindən bəhs edib. Bildirib ki, Türk dünyasının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev hər zaman ölkəmizin ağsaqqallarına yüksək qiymət vermiş, cəmiyyətimizi bu dəyərli insanların təcrübəsindən bəhrələnməyə səfərbər etmişdir. Bu yanaşma hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə diqqət mərkəzindədir. Rayonda, kənd və qəsəbələrdə əhali ilə olan görüşlərdə ağsaqqal sözünün həmişə böyük dəyərə malik olduğunu qeyd edən Mirhəsən Seyidov bildirib ki, ötən bir il ərzində Rayon Ağsaqqallar Şurasının həmişə göz önündə olan işi təqdirəlayiq hesab edilib. Cari ilə diqqət çəkən rayon rəhbəri xatırladıb ki, bu bir il ərzində COVID-19 pandemiyası ilə yanaşı, ekoloji çətinliklər də olub, Xəzər dənizinin suyu Kür çayına qarışaraq, insanlarımiz üçün şirin su çatışmazlığı problemi yaradıb. Lakin bu gözlənilməz təbiət hadisəsinə cavab olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin dəstəyi və təsdiqlədiyi proqramlar vasitəsilə rayonumuza yeni şirin su xəttinin çəkilməsinə nail ola bildik və bütün əhali kimi, ağsaqqalları da ən çox narahat edən bu problemi həll etdik. Çıxışının sonunda Mirhəsən Seyidov bütün ağsaqqallara sağlam ömür və daim ruh yüksəkliyi ilə gənclərimizlə daha sıx əməkdaşlıqda olmalarını tövsiyə edib.
Konfransda çıxış üçün söz Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovaya verilib. O öz çıxşında bildirib ki, ümummilli lider Heydər Əliyev xalqımızın təkidli xahişi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizin ağsaqqallarını da səfərbər edərək, dövlətçiliyin möhkəmlənməsində onların zəngin təcrübəsindən, vətənpərvərlik nümunələrindən istifadə yollarını prioritet problemlərin həllinə yönəldib. Müzəffər Prezidentimiz cənab İlham Əliyev də dahi rəhbərimizin müdrik siyasətini davam etdirərək, xalqın qızıl fondu olan ağsaqqalların gənclərlə birlikdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradır, ictimai fəallıqlarını dəyərləndirir və dəstəkləyir, onlara diqqət və qayğı münasibətlərini ön planda tutur. Ölkəmizin 76 şəhər və rayonunda yerli təşkilatları olan Respublika Ağsaqqallar Şurasının fəaliyyəti möhtərəm Prezidentimizin dəstəyi ilə daha da genişlənib, ağsaqqal sözünun nüfuzu daha da artıbdır.
Elmira Süleymanova 30 il müddətində davam edən Qarabağ probleminin həllindən, görkəmli dövlət və siyasi xadim, güclü sərkərdə və diplomat İlham Əliyevin müdrik xalqımızı və rəşadətli Ordumuzu bir yumruq kimi ətrafında birlədirərək 44 günlük Vətən müharibəsində şərəfli Zəfər qazanmasından, şəhidlərimizin fədakarlığından, müharibədə iştirak edən Vətən övladlarının cəsurluğundan, haqq işimiz uğrunda göstərdikləri igidliklərlə dünyanı heyrətləndirmələrindən danışib. Vurğulayıb ki, bu müharibədə qazandığımız Qələbəmiz ata-babalarımızın şanlı qəhrəmanlıq yollarının davamıdır. Hazırda cəmiyyətimizdə gənclərimiz üçün bəlaya çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə birləşməli olduğumuzu bildirən Elmira xanım əlavə edib ki, bu mübarizə yollarında ağsaqqalların birlikdə olması çox vacibdir. İnsanlar laqeyd olmamalı, daim cəmiyyətin saflığı üçün qətiyyətlə və ürəklə çalışmalıdırlar.
Konfransda Rayon Ağsaqqallar Şurasının sədr müavini Hüsniyyə Zeynalova, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sabiq rəhbəri, ağsaqqal ziyalı Oktay Kərimov, şəhid atası Baloğlan Ağamalıyev və başqaları çıxış edərək rayonda ağsaqqallara olan hörmətdən və qayğıdan söhbət açıblar. Bildiriblər ki, mütamadi olaraq ən ucqar kəndlərdə yaşayan ağsaqqallara belə baş çəkərək onların səhhəti, ehtiyacları ilə maraqlanır, şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Bildiriblər ki, bu yaxınlarda Şuşa şəhərində təşkil olunan Beynəlxalq Kulinariya festivalında iştirak etmələri də məhz ağsaqqal insanlara böyük diqqətin təzahürüdür. Daim dövlətimzin, Prezidentimiz cənab İlham Əliyevin yanında olduqlarını qeyd edən natiqlər vurğulayıblar ki, bu birlik dövlətimizin, müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova yekun nitqində konfrans iştirakçılarına, Neftçala rayonunun bütün ağsaqqallarına və rəhbərliyinə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayaraq qeyd edib ki, biz birlikdə güclüyük və bu güc Azərbaycanımızı daha da qüvvətləndirəcəkdir.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.

 

 

 

 

Leave a Reply

Your email address will not be published.