Xəbərlər

Prezident İlham Əliyevin rəhbərliyi dövründə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib

Bakı, 7 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi dövründə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputat seçilmiş professor Eldar Quliyev mayın 23-də Qəbələdə keçirilən Cüdo üzrə klublararası açıq birincilikdə yüksək nailiyyətlər qazanan Maştağa İdman Klubunun üzvləri, onların valideynləri və rayon ziyalıları ilə görüşü zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi idmanın inkişafına da müsbət təsir göstərib. Hazırda dövlətimizin başçısının rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və nəticədə bu sahədəki uğurlar ildən-ilə artır. Vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da idmanımızın inkişafına xüsusi diqqət və qayğı göstərir.

Koronavirus pandemiyası ilə əlaqədar bəzi çətinliklərin yaranmasına baxmayaraq, artıq yaxın günlərdə idman zallarının yenidən gənclərimizin ixtiyarına veriləcəyini bildirən deputat ölkəmizdə aparılan vaksinasiya prosesindən də danışıb, qısa müddətdə kütləvi immunitetin formalaşmasının və pandemiyanın qarşısının alınmasının yalnız vaksinasiya vasitəsilə mümkünlüyünü qeyd edib.

Qırx dörd günlük Vətən müharibəsi dövründə vətənpərvər, mərd Azərbaycan gənclərinin, qəhrəman əsgər və zabitlərimizin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə göstərdiyi şücaətdən və möhtəşəm Qələbədən bəhs edən Eldar Quliyev bu yolda canlarını qurban vermiş şəhidlərimizi ehtiramla xatırlayaraq onların ailələrinin, yaxınlarının və qazilərimizin heç zaman diqqətdən kənarda qalmadığını bildirib. O əlavə edib ki, bu müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev yüksək siyasi iradə və əzmkarlıq nümayiş etdirərək, Azərbaycanı sevməyən qüvvələr tərəfindən göstərilən çox böyük təzyiqlərə, xarici media təmsilçilərinin təxribatlarına layiq olduqları sərt və obyektiv cavablar verdi, onları yerində oturdaraq böyük qətiyyət göstərdi. Bununla da qalib dövlətin Müzəffər Sərkərdəsi kimi Ermənistanı kapitulyasiya imzalamağa məcbur etdi.

Bir neçə gün əvvəl Kəlbəcərdə jurnalistlərin və mülki şəxslərin minaya düşərək həlak olmalarını kədər hissi ilə xatırladan Eldar Quliyev bu hadisənin ermənilərin mina xəritələrini gizlədərək mülki şəxslərə qarşı törətdiyi cinayətlərin, terror aktlarının daha bir nümunəsi olduğunu, ölkə və dünya ictimaiyyəti tərəfindən sərt şəkildə pisləndiyini bildirib.

Sonra gənclərin həm mənəvi, həm də fiziki cəhətdən güclü olmalarının vacibliyinə toxunan Eldar Quliyev deyib: “Siz bizim idmanımızın ümidlərisiniz, sizin böyük və parlaq gələcəyiniz var. Ona görə siz hər zaman nizam-intizamlı olmalı, məşqçilərin sözünə qulaq asaraq davamlı məşq etməli, peşəkarlığınızı daim artırmalısınız. Əminəm ki, bugünkü uşaq-yeniyetmə idmançılar gələcəkdə Azərbaycanı beynəlxalq arenada ləyaqətlə təmsil edəcəklər”.

Sonra cüdo üzrə klublararası açıq birincilikdə qızıl medal qazanan Əli Əzimli və Hüseyn Mahmudzadəni, gümüş mükafatçılar Həsən Bağırov, Ramal Süleymanov və Mürsəl Rzazadəni, bürünc medala layiq görülmüş Ağarza Quluzadəni, həmçinin baş məşqçini və köməkçi məşqçiləri təbrik edərək onlara mükafatlar təqdim edib, gələcək yarışlarda uğurlar diləyib.

Sonda xatirə şəkli çəkdirilib, görüş çay süfrəsi arxasında davam etdirilib.

Leave a Reply

Your email address will not be published.