Sentyabrın 21-də Qaradağ Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. İclasda Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov, Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Təşkilatı Qaradağ Rayon şöbəsinin sədri Əli Məmmədov və onun müavini Paşa Məmmədov, Respublika Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Anaları İctimai Birliyi Qaradağ Rayon filialının sədri Maqsud Heydərov və rayon ağsaqqalları iştirak ediblər.
Qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra iclası giriş sözü ilə açan Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov 13 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində növbəti dəfə hərbi təxribat törətməyə cəhd etməsi barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qurucusu olduğu müasir, güclü və rəşadətli Milli Ordumuz düşmənə layiqli cavab verərək, ona ağır zərbələr endirmiş və uğurlu əks-hücum əməliyyatı həyata keçirmişdir. İclasda, həmçinin, vurğulanıb ki, ölkəmizin bir çox təşkilatları kimi Azərbaycan Ağsaqqallar Şurası da erməni təxribatını pisləyən bəyanat qəbul etmiş və bu sənəd kütləvi informasiya vasitələri tərəfindən yayımlanaraq respublika ictimaiyyətinə çatdırılmışdır.
Tədbirdə çıxış edən digər natiqlər də eyni mövqedən fikir söyləyərək təəssüflə qeyd ediblər ki, erməni təxribatının qarşısını alan zaman hərbçilərimiz arasında şəhid olan və yaralananlar vardır. Lakin onların qanı yerdə qalmayıb, düşmənin hücuma cəhd edən silahlı qüvvələri darmadağın edilib.
Toplantıda qəbul edilmiş qərarda ermənilərin növbəti təcavüzkar hərbi-siyasi təxribatı pislənməklə yanaşı, bütün xalqımıza səslənilmiş, onları daha da ayıq-sayıq olmağa, xüsusilə də Azərbaycan əleyhinə məqsədyönlü şəkildə aparılan erməni təbliğatına uymamağa çağırış edilib.