Bakı, 5 aprel, AZƏRTAC
Qusarda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, rayon icra hakimiyyəti başçısının müavini Elman Mustafayev, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurasından AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra Mərkəzin fəaliyyəti və burada yaradılmış şəraitlə yaxından tanış olub, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
YAP Qusar rayon təşkilatının akt zalında keçirilən konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyəti başçısının müavini Elman Mustafayev bildirib ki, Qusar rayonunda ağsaqqallara hər zaman böyük diqqət və qayğı göstərilib. Ağsaqqallar rayonun mədəni-ictimai həyatında əhəmiyyətli rol oynayırlar. Qeyd edilib ki, işğal altındakı torpaqlarımızın azad olunmasında, böyük Qələbənin qazanılmasında onlarca qusarlı gənc qəhrəmanlıqlar göstərərək öz adlarını Azərbaycanın şanlı Zəfər tarixinə qızıl hərflərlə yazıblar. Bu Qələbənin əldə edilməsində ağsaqqalların da əməyi danılmazdır.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov bildirib ki, “Qarabağ Azərbaycandır!”, “Güc birlikdədir!” deyərək başladığımız 44 günlük Vətən müharibəsi, dəmir yumruq əməliyyatı zamanı Azərbaycan xalqı, o cümlədən ağsaqqallarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya xalqımızın gücünü və iradəsini göstərib. Bu birlik, bu həmrəylik, xüsusilə Ali Baş Komandanın iradəsi, qətiyyəti, Ordumuzun gücü və qüdrəti sayəsində Azərbaycan Vətən müharibəsində tarixi və möhtəşəm Qələbə qazanıb. Qeyd olunub ki, şanlı Ordumuz tərəfindən azad edilən torpaqlarımızda artıq böyük quruculuq, abadlıq və yenidənqurma işləri aparılır. Əminliklə vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədakar əməyi və incə zövqü sayəsində Vətənimizin bu dilbər guşəsi də tezliklə gözəlləşəcək və inkişaf edəcək.
Həmçinin bildirilib ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında hazırda böyük canlanma hiss olunmaqdadır. Şurada təmsil olunan respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini ürəkdən dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişafda olan ölkəmizin parlaq gələcəyi naminə qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.
Sonra təşkilati məsələlərə baxılıb. Qusar Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Vahid Mehdixanlı Qusar Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Konfransda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.