Xəbərlər

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkmənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu ilə ADA Universiteti arasında telekörpü keçirilib. ADA Universitetində Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin təşkilati dəstəyi ilə keçirilən bu tədbir iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin də qatıldığı bu tədbirdə Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov, Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Ağamalı, AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov və digər şəxslər iştirak ediblər.
Tədbirdə iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq əlaqələrindən danışan Eldar Quliyev öz çıxışında Azərbaycan və Türkmənistan Respublikalarının həm ikitərəfli qaydada, həm də nüfuzlu beynəlxalq təşkilatlar çəçivəsində uğurlu şəkildə əməkdaşlıq etdiklərini vurğulayıb. Türkmənistan və Azərbaycan arasında tarixi əlaqələrin mövcud olduğunu və soy-kökümüzün Oğuz türklərindən gəldiyini qeyd edən Eldar müəllim bildirib ki, sovet dövründə əlqalərimiz Moskva vasitəsilə həyata keçirilirdi. Lakin müstəqillik əldə etdikdən sonra, ilk növbədə, türk qardaşlarımızla, türkdilli dövlətlərlə əlaqələrimizi bərpa etdik. Bu baxımdan 9 iyun 1992-ci il tarixində Azərbaycanla Türkmənistan arasında əlaqələrimiz bir daha nizamlandı, qaydaya salındı və bu gün biz hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Natiq, habelə, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və o dövrdə Türkmənistan Respublikasının Prezidenti olmuş cənab Qurbanqulu Berdiməhəmmədovun bilavasitə rəhbərliyi altında 2018-ci ildə Xəzərin statusu müəyyən olunub, problem öz həllini tapıb və həmin tədbirdə hər iki ölkə rəhbəri bir-birinə qardaş deyə müraciət ediblər.
O, Respublika Ağsaqqallar Şurasının nümayəndə heyəti ilə birgə bu yaxınlarda Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistanda işgüzar səfərdə oldularını, bir sıra səmərəli görüşlər keçirdiklərini, tədbirlərdə iştirak etdiklərini bildirib. Tarixi ənənələrini saxlayan gözəl Aşqabad şəhərində keçirilmiş tədbirdə cənab Qurbanqulu Berdiməhəmmədovla görüş zamanı Azərbaycan dilində də səmimi və rahat söhbət etdiklərini qeyd edən Eldar müəllim vurğulayıb ki, bu söhbətin əsas mövzusu ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin genişmiqyaslı və uğurlu fəaliyyətləri barədə olub. O, həmçinin hazırda türk dövlətləri arasındakı mövcud olan yaxın münasibətlərə də toxunaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin türk dünyası tarixinə qızıl hərflərlə yazılmış “bir millət iki dövlət” fikrini artıq “bir millət altı dövlət” kimi də səsləndirmək olar. Hər iki ölkənin – Azərbaycan və Türkmənistanın tarixi İpək yolunun üzərində yerləşməsinin iqtisadi əhəmiyyətindən də bəhs edən Eldar Quliyev bütün türk dövlətləri arasında dostluğun və qardaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Leave a Reply

Your email address will not be published.