Təbriklər, Xəbərlər

Səməndər Məmmədov – 68

Fevral ayının 8-də Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Aşıqlar Birliyinin üzvü, dəyərli ziyalı Səməndər Məmmədovun 68 yaşı tamam olur.

Yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik Səməndər Məmmədov uzunmüddətli pedaqoji fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olub. Bu gün də o, istedadlı publisist, folklor araşdırıcısı, şair və müxtəlif mövzularda bir çox aktual yazıların müəllifi kimi tanınır. 15 kitabın müəllifi olan Səməndər müəllim öz yaradıcılığı ilə oxucuların böyük rəğbətini qazanıb. Bacarıqlı maarif təşkilatçısı, yüksək pedaqoji ustalığa malik müəllim və həssas poeziya ruhuna hakim olan şair kimi Səməndər Məmmədov bir sıra təltiflərə – “Abdulla Şaiq”, “Qızıl qələm”, “Vətən” və “Araz” mükafatlarına, həmçinin “Qabaqcıl təhsil işçisi” adına və fəxri fərmanlara layiq görülüb. Hal-hazırda öz fəaliyyətini uğurla davam etdirən Səməndər Məmmədov Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə böyük töhfələr verir.

Səməndər Məmmədovu bu şərəfli ömrünün 68-ci İldönümü münasibətilə ürəkdən təbrik edir, Ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərində uğurlar arzulayırıq!

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Leave a Reply

Your email address will not be published.