Xəbərlər

Şamaxı və Qobustan rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının hesabat konfransları keçirilib

İyun ayının 21-də Şamaxı və Qobustan rayonlarının Ağsaqqallar Şuralarının illik hesabat konfransaları keçirilib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimovun iştirakı ilə keçirilən tədbirlərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri və qazilər, o cümlədən digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Konfranslarda torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayonların İcra Hakimiyyətinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əvəzedilməz rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar. Gənclərin vətənpərvərlik ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramovun və Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanovun hesabat məruzələri dinlənilib. Sədrlər məruzələrində Rayon Ağsaqqallar Şuralarının son birillik fəaliyyətindən geniş söhbət açıblar, keçirilən görüşlərdən, gənclərlə aparılan maarifləndirici işlərdən, şəhid ailələrinə və qazilərə göstərilən mənəvi dəstəkdən bəhs ediblər. Vurğulayıblar ki, onların işinə ciddi maneələr yaradan koronovirus pandemiyası artıq zəiflədiyi üçün gələcək fəaliyyətlərini daha intensiv və əhatəli şəkildə quracaqlar.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların əhəmiyyətli rolundan danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı böyük Qələbədən bəhs edən natiq Zəfərlə başa çatan bu müharibənin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb, həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb. Eldar müəllim onu da qeyd edib ki, tarixi Qələbəmizdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə işğaldan azad olunmuş rayonlarımızda hava limanlarının, xeyli sayda sosial və digər obyektlərin açılışı, yaşayış komplekslərinin, binaların təməllərinin qoyulması hər bir azərbaycanlıda yüksək qürur hissi yaradır və bu, Böyük Qayıdışın tez bir zamanda həyata keçiriləcəyindən xəbər verir.
Hesabatların qənaətbəxş olduğunu qeyd edən natiq respublikamızın hər bir bölgəsində olduğu kimi, Qobustan və Şamaxıda da ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərdiklərini, gənclərin dövlətə və dövlətçiliyə bağlılığı istiqamətində üzərlərinə düşən şərəfli vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirdiklərini vurğulayıb. Eldar İbrahimov ulu öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğının hazırda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini qeyd edərək, bu həssas münasibətə görə onlara öz minnətdarlığını ifadə edib.
Konfranslarda çıxış edən digər natiqlər tədbirin keçirilməsinin önəmindən danışaraq qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədə Qobustan və Şamaxı gənclərinin də böyük payı olub. Bu gənclərin vətənpərvərlik ruhunda böyüməsində ağsaqqallarımızın mənəvi dəstəyinin və öyüd-nəsihətlərinin önəm daşıdığını qeyd edən çıxışçılar dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursu həmişə dəstəklədiklərini bildiriblər. Çıxışlar zamanı rayon ağsaqqalları onları narahat edən bəzi məsələlərə də toxunaraq, təhsil sahəsindəki müəyyən çatışmazlıqlardan söz açıblar və bu problemlərin həll olunması ilə bağlı öz təklif və tövsiyələrini veriblər.

 

Leave a Reply

Your email address will not be published.