Xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni sədri seçilib

Sentyabrın 6-da Sumqayıtda Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, şəhər ağsaqqalları və ziyalıları iştirak ediblər.

Konfransda Vətən müharibəsi şəhidlərinin və Şəhər Ağsaqqallar Şurasının mərhum sədri Müzəffər Gülümovun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimovu və tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
Sonra təşkilati məsələlər müzakirəyə çıxarılıb. Şəhər Ağsaqqallar Şurasının sədri vəzifəsinə Sumqayıtın sosial-iqtisadi inkişafında böyük xidmətləri olan, Prezidentin fərdi təqaüdçüsü Quliyev Təbrik Müzəffər oğlunun namizədliyi irəli sürülüb və o, açıq səsvermə yolu ilə təşkilatın sədri seçilib. Daha sonra yeni üzvlərin namizədlikləri səsə qoyularaq İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Eldar İbrahimov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdırdıqdan sonra Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvlərini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. Milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın danılmaz əməyindən bəhs edərək son zamanlarda Azərbaycan Ağsaqqallar Şurasında müşahidə edilən canlanmadan, görülən işlərdən söhbət açıb. Ulu öndər Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərdən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından söz açan Eldar İbrahimov dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  ağsaqqallarımıza, ziyalılarımıza, həmçinin şəhid ailələrinin üzvlərinə, qazilərə yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. Natiq Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Ordumuzun azad etdiyi torpaqlarımızda gedən böyük quruculuq işlərindən, bu əzəli Azərbaycan torpaqlarının əsl sahibləri olan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından danışıb. Eldar İbrahimov öz çıxışında ağsaqqalların üzərinə düşən vəzifələrə də toxunaraq  gənclərin xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da Şuranın yeni seçilən tərkibinin bütün üzvlərini təbrik edərək, gələcək işlərində onlara uğurlar arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, mükəmməl ordu quruculuğundan, bütün sahələrdə nəzərə çarpan hərtərəfli inkişafdan bəhs edib. Natiq öz nitqində qazanılan uğurlarla yanaşı, cəmiyyətdə, çox təəsüf ki, mövcud olan neqativ hallara – ailə dəyərlərinin unudulmasına, boşanmaların sayının çoxalmasına, narkomaniyaya və digər zərərli vərdişlərə meyilliliyin artmasına da toxunub. O vurğulayıb ki, bu cür halların qarşısının alınması üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə ağsaqqallar öz səylərini əsirgəməməlidirlər, gənclərlə mütəmadi işlər aparmalı, onları maarifləndirərək bu bəlalardan qorumalıdırlar.
Daha sonra çıxış edən natiqlər Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni seçilmiş sədrinə və üzvlərinə uğurlar arzulayaraq, ağsaqqalların şəhərin ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar.
Sonda Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev ona, həmçinin İdarə Heyətinin və Təftiş Komissiyasının yeni seçilmiş üzvlərinə göstərilmiş etimada görə minnətdarlığını bildirib və təşkilatın bundan sonra da aktiv şəkildə fəaliyyət göstərəcəyini qeyd edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov konfransdan sonra yerli təşkilatın iş otağı, yaradılan şərait və göstərdikləri fəaliyyətlə yaxından tanış olaraq, öz məsləhət və tövsiyələrini verib.

Leave a Reply

Your email address will not be published.