Bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkmənistanda səfərdə olarkən səsləndirib.
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Eldar Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti – Şuranın sədr müavinləri, millət vəkili, professor Eldar İbrahimov və professor Vahid Novruzov, həmçinin təşkilatın Aparat rəhbəri Ramin Həsənli Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistanda işgüzar səfərdə olublar.
Türkmənistanın paytaxtı, dünyanın qədim və gözəl şəhərlərindən biri olan Aşqabadda böyük coşqu ilə qarşılanan nümayəndə heyətinin üzvləri səfər zamanı bir sıra rəsmi görüşlər keçirib, ictimai və mədəni tədbirlərdə iştirak ediblər. Türkmənistan Milli Şurasının Xalq Məsləhəti binasında keçirilən geniş iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xalqımızın səmimi salamlarını Qurbanqulu Berdiməhəmmədova və qardaş türkmən xalqına çatdıran Eldar Quliyevin maraqlı çıxışı gurultulu alqışlarla qarşılanıb. Sonra Eldar Quliyev Türkmənistan və Azərbaycan Respublikaları arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Qurbanqulu Berdiməhəmmədovu “Fəxri Ağsaqqal” ordeni ilə təltif edib və ona Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri, həmçinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında Türkmənistanı təmsil edən ağsaqqal kimi gələcək fəaliyyətində uğurlar arzulayıb.
İclasdan sonra Qurbanqulu Berdiməhəmmədov Eldar Quliyevi qəbul edib. Görüş zamanı bir daha qardaş türkmən xalqına sülh, firavanlıq və tərəqqi arzularını çatdıran Eldar Quliyev ölkələrimiz və xalqlarımız arasında mənəvi dəyərlərin qorunmasından, dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsindən danışıb, münasibətlərimizin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun qazandığı möhtəşəm Zəfər nəticəsində dədə-baba torpaqlarımızın işğaldan azad olunmasından və hal-hazırda həmin torpaqlarda böyük vüsətlə quruculuq işlərinin getməsindən bəhs edərək hər zaman olduğu kimi çətin günlərimizdə də qardaş Türkmənistanın Azərbaycanı dəstəklədiyi üçün öz minnnətdarlığını ifadə edib. Türk dövlətlərini və xalqlarını ortaq tariximizin, mədəniyyətimizin, dəyərlərimizin, keçmişimizin və ata yurdumuzun birləşdirdiyini vurğulayan Eldar Quliyev Azərbaycan – Türkmənistan münasibətlərinin inkişaf etdirilməsində dövlət başçılarının həyata keçirdiyi uğurlu qardaşlıq, dostluq siyasətini xüsusi qeyd edib.
Öz nitqində Eldar Quliyev ağsaqqalların Türkmənistanda olduğu kimi Azərbaycanda da böyük nüfuz və hörmət sahibi olmalarından bəhs edib. O vurğulayıb ki, ağsaqqallara hər zaman yüksək qiymət verən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıran ulu öndərimiz Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkə ağsaqqalları ilə yanaşı, bütün ahıllara, qazilərə, şəhid ailələrinə və əhalinin digər həssas təbəqələrinə xüsusi diqqət və qayğı göstərirlər.
Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov fəaliyyətinin yüksək dəyərləndirildiyi və onun “Fəxri Ağsaqqal” ordeni ilə təltif edildiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, xalqımıza, o cümlədən ağsaqqallara bir daha öz təşəkkürünü bildirərək ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, o cümlədən iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımların atıldığını qeyd edib. Vurğulayıb ki, gələcəkdə də hər bir sahədə, o cümlədən ağsaqqallar şurası arasında bu qaşılıqlı faydalı əməkdaşlıq səmərəli və yüksək səviyyədə davam etdiriləcəkdir.
Axşam səfər boyunca yüksək qonaqpərvərliklə, diqqət və qayğı ilə əhatə olunan Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib. Ziyafətdən sonra heyət üzvləri Türkmənistan Dram Teatrında Qurbanqulu Berdiməhəmmədovun əsəri əsasında hazırlanan tamaşada iştirak ediblər.
Səfər çərçivəsində Eldar Quliyev Türkmənistan Respublikasının Xarici işlər naziri Rəşid Meredovla və digər rəsmi şəxslərlə də görüşüb. Həmçinin nümayəndə heyəti Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovla birlikdə yeni istifadəyə verilmiş səfirlik binasında da olublar.
Azərbaycana qayıtdıqdan sonra Türkmənistana səfərlə bağlı xoş təəssüratlarını bölüşən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ölkələrimiz, xalqlarımız arasında inkişaf etməkdə olan səmimi münasibətlərdən məmnunluq hissi keçirdiyini bildirib.
Türk dövlətlərini və xalqlarını ortaq tariximiz, mədəniyyətimiz, dəyərlərimiz, keçmişimiz və ata yurdumuz birləşdirir
- 20-05-2022
- [12:41]
- [ ]
20
May