Sentyabr ayının 7-də Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və millət vəkili Yunus Kılıç Azərbaycan Ağsaqqallar Şurasının qonağı olublar. Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı sədrin birinci müavini, Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, həmçinin Şuranın İdarə Heyətinin üzvü, millət vəkili Ağalar Vəliyev, Aparat rəhbəri Ramin Həsənli və digər şəxslər iştirak ediblər.
Səmimi şəraitdə keçən söhbət zamanı Eldar Quliyev qonaqlara Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti barədə ətraflı məlumat verib. Şuranın 77 şəhər və rayon təşkilatı tərəfindən ideoloji, həmçinin ictimai-siyasi təbliğat-təşviqat işlərinin səmərəli və sistemli şəkildə təşkil edilməsindən, cəmiyyət, xüsusilə gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik, əxlaqi normalar və sağlam həyat tərzi kimi əsas həyat prinsiplərinin geniş şəkildə təbliğ olunmasından söz açıb. Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımla və digər nüfuzlu ictimai-siyasi xadimlərlə keçirilən görüşlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın sarsılmaz dostluq, qardaşlıq münasibətləri sayəsində gündən-günə artan əməkdaşlıq əlaqələrindən bəhs edib. Əhliman Əmiraslanov ulu öndər Heydər Əliyevin Şuranın timsalında bütün ağsaqqallara göstərdiyi diqqət və qayğıdan danışaraq, hazırda həmin həssas və xoş münasibətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb.
Səfir Cahit Bağcı və millət vəkili Şamil Ayrım Azərbaycan Ağsaqallar Şurasının həyata keçirdiyi məsuliyyətli, eyni zamanda çox önəmli fəaliyyətdən məmnunluqlarını bildirərək, Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən ağsaqqalları və ziyalıları təmsil edən təşkilatlar arasında daha da inkişaf etdirməyin vacibliyini vurğulayıblar. Etiraf ediblər ki, bu sahədə Azərbaycandan öyrənməli çox şeylər var. Qonaqlar səmimi qəbula və maraqlı görüşə görə öz təşəkkürlərini ifadə edərək əmin oldularını bildiriblər ki, hər iki ölkə arasındakı münasibətlərdə bir millət iki dövlət prinsipi sarsılmaz və əbədi olacaqdır.
Sonda xatirə şəkli çəkdirilib.
Türkiyənin Azərbaycandakı səfiri və Böyük Millət Məclisinin üzvləri Azərbaycan Ağsaqqallar Şurasında olublar
- 07-09-2022
- [17:14]
- [ ]
07
Sep