Təbriklər, Xəbərlər

Vaqif Şadlinski – 82

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskinin 82 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Vaqif Şadlinskiyə təbrik ünvanlayıblar:

Hörmətli Vaqif müəllim!

Sizi – Azərbaycan elminin görkəmli nümayəndəsini, vətənpərvər ictimai xadimi, müdrik ağsaqqalı və dəyərli ziyalımızı Vətənimizin inkişafına həsr etdiyiniz şərəfli ömrünüzün 82-ci İldönümü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə Allahdan uzun ömür, möhkəm cansağlığı, sevinc dolu günlər və əmin-amanlıq arzulayırıq!

Siz Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək mənəviyyata malik böyük alim və nüfuzlu şəxsiyyətsiniz. İnsanlarla ünsiyyət mədəniyyətiniz, təmkininiz, tələbkarlığınız və nikbinliyiniz çoxları üçün örnək sayıla bilər. Elmimizin və təhsilimizin inkişafı sahəsindəki səmərəli fəaliyyətiniz nəticəsində bir çox elmi əsərlər yazmış, ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında yaxından iştirak etmisiniz. Zəngin ictimai-siyasi və pedaqoji fəaliyyətiniz, tibb sahəsindəki fədakar əməyiniz sayəsində “Şöhrət” ordeninə, “Əməkdar Həkim”, “Əməkdar Elm Xadimi” fəxri adlarına və digər bir çox ali mükafatlara layiq görülübsünüz. Avropa Təbiət Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, həmçinin bir sıra nüfuzlu beynəlxalq elmi və ictimai təşkilatların üzvü seçilibsiniz.

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakınızla xalqımıza bu gün də dəyərli xidmətlər göstərir, cəmiyyətimizin, xüsusilə də gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz. Siz həm də Azərbaycan tarixində silinməz izlər qoymuş əsilzadə Şadlinskilər nəslinin ləyaqətli nümayəndəsi kimi vətənpərvər davamçılar – dəyərli övladlar yetişdirən xoşbəxt ata və gözəl ailə başçısısınız.

Hörmətli Vaqif müəllim!

Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın tərəqqisi naminə çoxşaxəli və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik!

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor Eldar QULİYEV

Leave a Reply

Your email address will not be published.