Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov “Бакинский рабочий” qəzetinə maraqlı müsahibə verib. Həmin müsahibəni diqqətinizə təqdim edirik:
- Vahid müəllim, Siz Qərbi Azərbaycan İcmasının fəal üzvlərindən biri, ziyalı şəxslərindənsiniz. Qərbi Azərbaycan Sizin üçün nə deməkdir?
– Əvvəla qeyd etmək istərdim ki, hər bir Qərbi azərbaycanlı üçün son altı ayda sözün əsl mənasında tarixi hadisə kimi dəyərləndirilməli olan 3 hadisə baş vermişdir. Onlardan birincisi 2022-ci il avqust ayının 3-də Qərbi Azərbaycan İcmasının təsis edilməsi və fəaliyyətə başlamasıdır.
Qərbi Azərbaycan İcması üçün və mən deyərdim ki, bütövlükdə xalqımız üçün əlamətdar olan digər mühüm hadisə, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının öz doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü xüsusi vurğulanmalıdır. Bu təkcə onunla izah edilmir ki, ölkə Prezidenti öz doğum günündə Qərbi azərbaycanlılarla görüşmüşdür. O da xüsusən önəmlidir ki, həmin görüş zamanı Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışın konseptual əsasını yüksək səviyyədə tarixi faktlara əsaslanmaqla və müasir dövrün çağırışları nəzərə alınmaqla əsaslı şəkildə şərh etmiş və Qərbi Azərbaycana qayıdışın mümkün yolları barədə dərin məntiqi, beynəlxalq hüquqa və milli təəssübkeşliyə əsaslanan öz fikirlərini İcma üzvlərinə çatdırmışdır.
Üçüncü mühüm hadisə kimi, bu ilin 26 yanvar tarixində işçi qrupu tərəfindən hazırlanmış indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Konsepsiyanın – “Qayıdış Konsepsiyası”nın təsdiq edilməsi və həyata vəsiqə almasından ibarətdir.
Hal-hazırda İcma rəhbərliyi və müvafiq strukturlar tərəfindən Konsepsiyanın reallaşdırılması işləri geniş vüsət almaqdadır.
Avqust ayının 3-də təsdiq edilmiş Qərbi Azərbaycan İcmasının Nizamnaməsinə uyğun olaraq İcmanın idarəetmə orqanları – Müşahidə Şurası və İdarəetmə Heyəti yaradılmışdır. Eyni zamanda İcmanın strukturuna Ağsaqqallar Şurası, Ziyalılar Şurası, Qadınlar Şurası, Gənclər Birliyi, İcmanın Aparatı ilə yanaşı Nəzarət-Təftiş Komissiyası daxil edilmişdir.
Ümid edirəm ki, rəhbərliyində təmsil olunduğum Nəzarət-Təftiş Komissiyası möhtərəm Prezidentimizin ölkədə uğurla həyata keçirilən şəffaflıq strategiyasının Qərbi Azərbaycan İcması çərçivəsində reallaşması istiqamətində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.
Onu da qeyd etmək istərdim ki, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının reqlamenti Komissiyanın 02 fevral 2023-cü il tarixində keçirilmiş iclasında təsdiq edilmiş və həmin reqlamentin əsasında müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Görkəmli ziyalıların və elm adamlarının təmsil olunduqları Komissiyanın öz işini ləyaqətlə görəcəyinə əminliyimi bəyan etmək istərdim.
Bir qədər də Sizin sualınızın ikinci hissəsi barədə fikirlərimi bildirim:
Təbii ki, dünyaya göz açdığım Qərbi Azərbaycanın Loru mahalının Allahverdi rayonu və doğma kəndimiz mənim üçün hər bir şəxsin öz doğma yurduna olan məhəbbəti, vətən həsrəti, hissləri, unudulmaz xatirələri və qovuşmaq istəyi ilə müqayisə olunan səviyyədədir.
Bilirsiniz, mənim həyatımın ilk 13 ili Qərbi Azərbaycanda Allahverdi rayonunda keçmişdir. Kəndimiz, rayonumuz, diyarımızın möhtəşəm dağları, o cümlədən, Ləlvər və Çətindağ kimi dağlar heç vaxt mənim xatirəmdən çıxmamış, əksinə, illər keçdikcə daha da alovlanan bir həsrətlə özünü göstərmişdir. Başqa sözlə, yalnız bu faktlar bir daha sübut edir ki, Ermənistan ərazisində tarix boyu azərbaycanlılar yaşamışdır və həmin torpaqlar bizim dədə-baba yurdumuzdur. Bu faktın özü dünya ictimaiyyətinin diqqətinə bütün vasitələrdən istifadə edilməklə çatdırılmalıdır.
Uşaqlıq illəri, təbii olaraq, insan həyatının digər dövrlərindən məhz onunla fərqlənir ki, həmin illərdə baş verən hadisələr, rayonumuzun ictimai-siyasi həyatındakı dəyişikliklər, ilk məktəb illəri insanın xatirəsində həyatın digər dövrlərində baş vermiş hadisələrdən daha yaddaqalan, daha əziz olu, xatirələrdə yaşayır.
Mən tam əminliklə bildirmək istərdim ki, dünyaya göz açdığım Loru dərəsi qədim türk, Azərbaycan torpağı olmaqla ata-babalarımızın qəhrəmanlıqlarının şahidi kimi qalmaqdadır.
Ürək ağrısı ilə demək istərdim ki, müxtəlif yollarla əldə edib nəzərdən keçirdiyim kadrlardan da göründüyü kimi, bizim yurd-yuvalar demək olar ki, boş-boşuna, istifadəsiz qalmışdır və öz doğma sahiblərini həsrətlə gözləyir. Məhz bu baxımdan mən Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi azərbaycanlılarla görüşü zamanı söylədiyi bir fikri dərin minnətdarlıqla xatırlatmaq istərdim: “Biz Qərbi azərbaycanlılar heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacayıq.”
- Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində erməni işğalına son qoyulduqdan sonra Qərbi Azərbaycan məsələsinin aktuallaşması və Qərbi Azərbaycan İcmasının Prezident İlham Əliyevlə görüşü Sizcə yaxın gələcəkdə bizlərə nə vəd edir?
– Qərbi Azərbaycan məsələsinin aktuallaşması və bu istiqamətdə Prezident İlham Əliyevin məqsədyönlü strategiyası, bizim fikrimizcə, Qərbi Azərbaycana qayıdış sahəsində real nəticələrin əldə olunmasına ümid etməyə əsas verir. Təbii ki, bu ümidlərin doğrulması sistemli və ardıcıl tədbirlərin işlənib hazırlanmasını və reallaşdırılmasını mühüm bir vəzifə kimi ortaya qoyur. Bütün bu məsələlər Qayıdış Konsepsiyasında öz şərhini yetərli səviyyədə beynəlxalq təcrübə və hüquqi normaları nəzərə almaqla təsbit edilmişdir. Əsas məsələ ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələrin həlli istiqamətində Qərbi Azərbaycan İcması xalqımızın bütün təbəqələrini cəlb etməklə daha mütəşəkkil formada fəaliyyət göstərsin. Bu baxımdan unutmaq olmaz ki, Prezidentimizin təbirincə desək, Qərbi Azərbaycan problemi təkcə Qərbi Azərbaycandan olan insanlar üçün deyil, bütün Azərbaycan xalqı üçün Qarabağ məsələsində olduğu kimi, birlik və həmrəylik, milli səfərbərlik və əzmlə fəaliyyət göstərilməsini tələb edir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modeli yaradılmışdır. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verir ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirə bilməsinlər. Halbuki belə planlar və cəhdlər olmuş və indi də vardır. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə və sübut etdik ki, heç kim bizim işimizə qarışa bilməz. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, (təəssüf ki, bu yaramaz və ikili standartlar indi də davam edir) bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar qəsbkarların əlində əbədi qalsın. Dövlət başçısının güclü siyasi iradəsi və xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.
Qayıdış Konsepsiyasının konkret tədbirləri sırasına aşağıdakıları aid etmək olar:
Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşması üzrə müvafiq yol xəritələrinin hazırlanması;
MDB, Avropa və Yaxın Şərq ölkələrinin elmi və yaradıcı ziyalılarının Qərbi Azərbaycan İcmasının işinə cəlb edilməsi;
Qərbi Azərbaycan İcması ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi və s.
- Qərbi Azərbaycana sülh yolu ilə qayıdış prosesində şəxsən Sizin rolunuz nədən ibarətdir və ümumiyyətlə, bununla bağlı hansı işlər görməyi planlaşdırırsınız?
– Bu suala ən düzgün və məntiqi cavab da möhtərəm Prezidentimiz tərəfindən verilmişdir: “Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır.”
Bu baxımdan, fikrimizcə, xalq diplomatiyasının genişləndirilməsi və münaqişələrin sülh və ənənəvi dinc yollarla həllinə tərəfdaşlıq nümayişi qayıdış prosesinin mühüm tərkib hissəsini təşkil etməlidir.
Təbii ki, bu ağrılı keçmişə tarixi unudqanlıq nümayiş etdirmək deyildir. Konsepsiyada da göstərildiyi kimi İcma qəbul edir ki, sülh və inkişafın təmin edilməsinin yolu barışıqdan keçir. Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülmüş ermənilərlə dinc və yanaşı yaşamağa hazırdır. İcma barışığa nail olmağın uzun müddət tələb edəcəyini və mürəkkəb olacağını gözləyir, insan hüquqlarına hörməti, hüququn aliliyini və ikili standartların aradan qaldırılmasını barışın əldə edilməsi üçün ən mühüm vasitələr kimi görür. Bu baxımdan, İcma Ermənistanın azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmasına, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməsinə, onları şöhrətləndirməyə dərhal son verməsinə, o cümlədən, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməsinə və aparılmış yer adları dəyişikliklərini ləğv etməsinə nail olmaq üçün səylər göstərəcək.
Bir ziyalı olaraq mən öz rolumu ən azından, Qayıdış Konsepsiyasının reallaşdırılması istiqamətində konkret tədbirlərin işlənib hazırlanmasında, beynəlxalq elmi-praktik konfranslarda Qərbi Azərbaycan problemlərinin həlli yollarının araşdırılmasında iştirakda və xarici həmkarların cəlb edilməsində, İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri kimi isə İcmada işlərin planlaşdırılmasına və icrasına obyektiv nəzarətin qurulmasında, maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığa nail olmaqda görürəm.